Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura start veriləcək
Oktyabrın 30-da futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura start veriləcək.

İki günü əhatə edəcək tura “Zirə” - “Keşlə” oyunu ilə start veriləcək.

“Zirə” 12 xalla dördüncü pillədə, "Keşlə" isə 7 xalla yeddinci sırada qərarlaşıb. Bu, komandaların Premyer Liqada 25-ci dueli olacaq. Əvvəllər səkkiz matçda meydan sahibləri qələbə qazanıbsa, altı qarşılaşmada "Keşlə" 3 xala sevinib. On görüşdə isə qalib müəyyənləşməyib. "Qartallar" rəqibinə çempionatdakı son beş oyunda uduzmayıb.
Günün və turun mərkəzi oyununda "Qarabağ" və "Neftçi" üz-üzə gələcək. 17 xala malik olan tərəflər ilk iki pilləni bölüşürlər. Əzəli rəqiblər indiyədək Azərbaycan çempionatları tarixində 84 dəfə qarşılaşıblar. Bunların 31-də Ağdam təmsilçisi, 23-də flaqman qələbə sevinci yaşayıb. Otuz matç isə heç-heçə ilə yekunlaşıb. Premyer Liqadakı son yeddi görüşdən yalnız birində meydan sahibi olan tərəf qələbə qazana bilib. Bundan əlavə, “Neftçi” son üç oyunda "köhlən atlar"ın qapısına yol tapıb.

"Ağ-qaralar"ın heyətində Ömər Buludov və Xorxe Korreanın zədələri var. Onların görüşdə iştirakına məşqçilər korpusu qərar verəcək. "Qarabağ"da isə əməliyyat olunduğu üçün ili başa vuran ispaniyalı yarımmüdafiəçi Xayme Romero, əzələsini dartan Qaspar Panadero, zədələrini sağaldaraq fərdi məşqlər edən Bədavi Hüseynov və Elvin Cəfərquliyevin də meydana çıxmayacağı dəqiqdir.
Oyunu FIFA referisi Əliyar Ağayevə idarə edəcək.

Qeyd edək ki, IX turun "Qəbələ" - "Sabah" və "Sumqayıt" - "Səbail" qarşılaşmaları oktyabrın 31-də olacaq.

Xəbər 396 dəfə oxundu.