Azərbaycanın Yaponiyadakı səfiri bədii gimnastika üzrə dünya çempionatında mübarizə aparan idmançılarımızla görüşüb
Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə Kitakyuşuda keçirilən bədii gimnastika üzrə dünya çempionatında iştirak edən idmançılarımızla görüşüb.

İdmançılarımızla və komandanın məşqçiləri ilə görüşən diplomatımız bu gün çempionata qatılan qrup komandamıza dəstəyini ifadə edib. Komanda üzvlərinin yaşayış və məşq şəraiti ilə maraqlanan səfir onlara yarışda uğurlar arzulayıb.

Komandanın baş məşqçisi Mariana Vasileva göstərilən diqqətə və dəstəyə görə diplomatımıza minnətdarlığını bildirib. Azərbaycan qrup komandasının dünya çempionatının final mərhələsinə adlayacağına ümid etdiyini deyib.

Xəbər verdiyimiz kimi, bədii gimnastika üzrə 38-ci dünya çempionatı Yaponiyanın Kitakyuşu şəhərində oktyabrın 27-də başlayıb. İlk günlərdə yarışlara fərdi qaydada qatılan idmançılarımız mükafata layiq yer tuta bilməyiblər.

Oktyabrın 29-da isə qrup komandalarının yarışı başlayıb. Bu yarışda Zeynəb Hümmətova, Ləman Əlimuradova, Güllü Ağalarzadə, Yelizaveta Luzan və Daria Sorokinadan ibarət komandamız mübarizə aparır.

Xəbər 325 dəfə oxundu.