“Vətənin müdafiəsinə hazıram” devizi altında poliatlon çoxnövçülüyü üzrə Bakı şəhər çempionatı keçirilib
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) Zəfər Gününə həsr olunan “Vətənin müdafiəsinə hazıram” devizi altında poliatlon çoxnövçülüyü üzrə Bakı şəhər çempionatı təşkil edib.

Çağırışa qədər və çağırış yaşlı gənclərin ümumi və fiziki hazırlıq səviyyələrinin artırılması, gənclərə vətənpərvərlik ruhunun aşılanması məqsədilə keçirilən çempionatın açılış mərasimindəki çıxışlarda Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələri üzərində parlaq Zəfəri ilə başa çatan 44 günlük Vətən müharibəsinin Ordumuzun gücünü, xalqımızın Qələbə əzmini və vətənpərvərliyini bütün dünyaya nümayiş etdirdiyi vurğulanıb.

Çempionatda yeniyetmə və gənclər 100 və 2000 metr məsafələrə qaçış, turnikdə dartınma və qumbara atma yarışlarında mübarizə aparıblar. Yarışın yekununda Xətai, Binəqədi və Suraxanı rayonlarını təmsil edən komandalar müvafiq olaraq ilk üç pillədə qərarlaşıblar. Komanda və fərdi yarışların qalibləri mükafatlandırılıblar. Həmçinin ilk iki yerdə qərarlaşan komandalar və idmançılar Xaçmaz rayonunda keçiriləcək respublika finalında iştirak hüququ qazanıblar.

Xəbər 337 dəfə oxundu.