Azərbaycan Atıcılıq Federasiyası Avropa Atıcılıq Konfederasiyasının fəxri mükafatı ilə təltif edilib
Kiprin Larnaka şəhərində Avropa Atıcılıq Konfederasiyasının XXVIII Baş Assambleyası keçirilib.

Konfederasiyanın prezidenti Vladimir Lisin bu vəzifədəki fəaliyyətinə yekun vuraraq, 2009-2021-ci illərdə Avropada atıcılıq idmanının inkişafına mühüm töhfələr vermiş milli federasiyaları, eləcə də onların nümayəndələrini mükafatlandırıb.

Azərbaycan Atıcılıq Federasiyası “2009-2021-ci illər ərzində qonaqpərvərlik və Avropa yarışlarının mükəmməl təşkil olumasına görə” fəxri mükafatı ilə təltif edilib. Mükafatı təqdim edən Vladimir Lisin qeyd edib ki, Azərbaycan Avropanın dörd ölkəsindən (Fransa, Rusiya və İspaniya ilə yanaşı) biridir ki, bu ölkədə istənilən səviyyəli beynəlxalq yarışların keçirilməsi üçün hər cür şərait və infrastruktur yaradılıb.

Federasiyanın prezidenti Vaqif Axundov Avropada atıcılıq idmanının inkişafındakı böyük xidmətlərinə görə “Fəxri ulduz” ordeni, baş katib Emin Cəfərov Avropa yarışlarının ən yaxşı meneceri kimi “Fəxri medal” ilə təltif edilib.

Mükafatlandırılma tədbirindən sonra Avropa Atıcılıq Konfederasiyasının prezidenti vəzifəsinə və digər vəzifələrə seçkilər keçirilib. Alexander Ratner Avropa Atıcılıq Konfederasiyasının yeni prezidenti, Azərbaycan Atıcılıq Federasiyanın baş katibi Emin Cəfərov isə növbəti dəfə texniki komitənin üzvü seçiliblər.

Xəbər 418 dəfə oxundu.