Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək “Araz-Naxçıvan” səfərə itki ilə yollanacaq
UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək “Araz-Naxçıvan” səfərə itki ilə yollanacaq.

Kapitan Rizvan Fərzəliyev Ukraynada keçiriləcək bu mərhələnin qarşılaşmalarında komanda yoldaşlarına kömək edə bilməyəcək. Buna səbəb onun zədəli olmasıdır. Bunu nəzərə alan klub rəhbərliyi təcrübəli futzalçını səfərə aparmayacaq və o, müalicəsini Bakıda davam etdirəcək. Əvəzində bir müddətdir müalicə prosesi keçən Ramiz Çovdarov İvano-Frankivskdə “Araz-Naxçıvan”a kömək edəcək.

“Araz-Naxçıvan”ın heyətində qapıçılar - Rövşən Hüseynov, Emin Kürdov, oyunçular - Ramiz Çovdarov, Xətai Bağırov, İsa Atayev, Nurlan Mehdizadə, Hadi Ahmadi, Amir Şocaei, İsak Surğalı, Maneka, Felipinyo, David Qustavo və Murilo Borges yer alıblar.

Qeyd edək ki, “Araz-Naxçıvan” oktyabrın 26-da Bakı-İstanbul-Lvov hava reysi ilə səfər çıxacaq,Lvovdan isə avtobusla İvano Frankivskiyə yollanacaq.

Xəbər 378 dəfə oxundu.