Yaponiya jurnalı Azərbaycan idmançılarının Tokio Olimpiadasında uğurlu çıxışlarına həsr olunan məqalə yayıb
Yaponiyanın nüfuzlu “PAVONE” jurnalı Azərbaycan idmançılarının “Tokio -2020” Yay Olimpiya və Paralimpiya Oyunlarında uğurlu çıxışlarına həsr olunan məqalə yayıb.

Ölkəmizin Yaponiyadakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə jurnalın oktyabr buraxılışında yer alan məqalə “Azərbaycan Respublikasının idman sahəsində tərəqqisi –Azərbaycanın Olimpiya və Paralimpiya Oyunlarında güclü mübarizəsi” adlanır. Məqalədə “Tokio – 2020” Yay Olimpiya və Paralimpiya Oyunlarında Azərbaycan idmançılarının uğurlu iştirakı barədə faktlar öz əksini tapıb. Qeyd edilib ki, Azərbaycanın Tokio Yay Olimpiya Oyunlarında 44 idmançı ilə təmsil olunub. İdmançılarımızın 14 idman növündə - cüdo, güləş, bədii gimnastika, gimnastika, karate, boks, taekvondo, atletika, atıcılıq, qılıncoynatma, velosiped, badminton, üzgüçülük və triatlon üzrə yarışlarda iştirak üçün 40 lisenziya əldə etdiyi barədə məlumat verilib.

Müəllif Azərbaycan paralimpiyaçılarının qazandıqları qələbələrlə yalnız Yaponiya deyil, bütün dünya üzrə idman həvəskarlarını heyrətləndirmələrinə xüsusi diqqət yetirir. Azərbaycan Paralimpiya Hərəkatının yaranma tarixindən bəhs edərək, bu işdə ümummilli lider Heydər Əliyevinin xüsusi rolunu vurğulayır. Bildirir ki, Ulu Öndərin dəstəyi ilə 1996-cı il fevralın 9-da Milli Paralimpiya Komitəsinin yaradıldığı tarix Azərbaycan Respublikasının idman salnaməsinə xüsusi bir gün olaraq düşüb.

Sonra müəllif azərbaycanlı paralimpiyaçıların Prezident İlham Əliyevin daimi dəstəyini və qayğısını hiss etməsindən də bəhs edir. Bildirir ki, məhz bu qayğı və diqqət nəticəsində idmançılarımız “Tokio – 2020” Yay Paralimpiya Oyunlarında tarixi rekorda nail olublar. Azərbaycan Milli Komandası 14-ü qızıl olmaqla 19 medal qazanaraq, oyunlara qatılan 163 ölkə arasında 10-cu səviyyədə yer tutub.

Məqalədə, həmçinin Azərbaycanın idman tarixindən, ölkə rəhbərliyinin idmana olan xüsusi diqqətindən, idmançılarımızın müxtəlif illərdə Olimpiya oyunlarında iştirakından və qazanılmış uğurlardan da geniş bəhs olunur. Məqaləyə mövzu ilə bağlı çoxsaylı fotolar da əlavə olunub.

Qeyd edək ki, “PAVONE” jurnalı Yaponiyada turizm mövzusunda yazan çox nüfuzlu nəşrdir. Məqalənin müəllifi Akira Matsuda ölkəmizin Yaponiyadakı səfirliyi ilə six əməkdaşlıq edir və əvvəllər də həm “PAVONE”də, həm də digər jurnallarda onun Azərbaycan haqda çoxsaylı məqalələri dərc edilib.

Xəbər 460 dəfə oxundu.