Azərbaycanın iki boksçusu Avropa çempionatında yarımfinala yüksəlib
Monteneqronun Budva şəhərində gənc boksçular arasında Avropa çempionatında dörddəbir final mərhələsi başa çatıb. Azərbaycan millisinin 2 üzvü döyüşünü qələbə ilə başa vuraraq yarımfinala vəsiqə qazanıb.

Boksçularımızdan Nicat Hüseynov (51 kq) şimali makedoniyalı Şehabi Hadi ilə üz-üzə gəlib. Görüş təmsilçimizin 5:0 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbədən sonra ən azı bürünc medalı təmin edən N.Hüseynov yarımfinalda rusiyalı Ruslan Pirovla döyüşəcək.

Millimizin digər üzvü Kamil Babayev (54 kq) də növbəti cəhdini qalib kimi başa vurub. O, belaruslu Vladislav Smalovskini 3:2 hesabı ilə məğlub edərək, həm yarımfinala vəsiqə qazanıb, həm də ən azı bürünc medalı təmin edib. K.Babayev finala gedən yolda gürcüstanlı Giorgi Sajayanı sınağa çəkəcək.

Yığmamızın heyətində Tural Sarıyev (48 kq) Nikita Poluxinə (Rusiya), Fətəli İsmayılov (86 kq) Narunas Qrebnevasa (Litva) və Rəşid Məmmədov (92 kq) Manuçar Krihelə (İsrail) uduzduğundan yarışla dörddəbir finalda vidalaşıblar.
Qeyd edək ki, yarımfinal görüşləri oktyabrın 21-də keçiriləcək.

Xəbər 309 dəfə oxundu.