Beynəlxalq Olimpiya Komitəsi dünya çempionatının 2 ildən bir keçirilməsi ideyasına qarşı çıxıb
Beynəlxalq Olimpiya Komitəsi (BOK) FIFA-nın dünya çempionatını 2 ildən bir keçirmək ideyasına qarşı çıxıb.

Qurum bu qərarın gələcəkdə ciddi problemlərə yol açacağından narahatdır. Mundialın 2 illik intervalla təşkili başqa idman yarışları ilə toqquşmaya səbəb olacaq.

BOK rəsmi saytı vasitəsi ilə belə bir fikri ictimaiyyətlə bölüşüb: “Bu, başqa idman növlərinin müxtəlifliyini və inkişafını baltalayacaq. Kişilər arasında yarışların artması qadın futbolunun təbliğinə çətinliklər yaradacaq. Təqvimdəki intensivlik oyunçuların fiziki və zehni sağlamlığına daha çox təzyiq göstərəcək”.

FIFA-nın yeni ideyanı bu ilin dekabrında quruma üzv olan milli assosiasiyalar arasında səsverməyə çıxaracağı gözlənilir.

Dünya çempionatının 2 ildən bir təşkilini Səudiyyə Ərəbistanı Futbol Federasiyası yayda təklif edib. Onu 166 milli assosiasiya dəstəkləyib, 22-si isə əleyhinə olub. 1930-cu ildən keçirilməyə başlayan mundial İkinci Dünya müharibəsi ilə əlaqədar, 1942-ci və 1946-cı illərdə istisna olmaqla, hər 4 ildən bir təşkil olunur. Qarşıdakı dünya çempionatı 2022-ci ildə Qətərdə keçiriləcək.

Xəbər 317 dəfə oxundu.