Azərbaycan millisinin baş məşqçisi dünya çempionatının iki ildən bir keçirilməsi ideyasına münasibət bildirib
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi dünya çempionatının iki ildən bir keçirilməsi ideyasına münasibət bildirib.

İtaliyalı mütəxəssis, mundialın iki ildən bir keçirilməsinin futbolçulara mənfi təsirinin olacağını düşünmədiyini deyib:

“Oyun sayı çox olacaq və izləyicilər üçün bunun nə qədər faydalı olacağını deyə bilmərəm. Amma tək mənfi tərəflərə baxmayın. Oyunçu karyerası ərzində özünü necə idarə etməli olduğunu bilirsə, ömür boyu ondan sabit faydalana bilər və istirahət üçün də çox vaxt tapar. Bunun hər hansı mənfi təsirinin olmayacağını düşünmürəm”.

Qeyd edək ki, FIFA-nın qlobal inkişaf şöbəsinin rəhbəri Arsen Venger bu ideyanı milli komandaların baş məşqçiləri ilə müzakirə edəcək. Mütəxəssis bu məqsədlə onlayn konfrans keçirəcək. Venger 2024-cü ildən həyata keçirmək istədiyi ideya ilə əlaqədar təqvimdə islahatları da müzakirəyə çıxaracaq.

Dünya çempionatının 2 ildən bir təşkilini Səudiyyə Ərəbistanı Futbol Federasiyası yayda təklif edib. Onu 166 milli assosiasiya dəstəkləyib, 22-si isə əleyhinə olub. 1930-cu ildən keçirilməyə başlayan mundial İkinci dünya müharibəsi ilə əlaqədar, 1942-ci və 1946-cı illərdə istisna olmaqla, hər 4 ildən bir təşkil olunur. Qarşıdakı dünya çempionatı 2022-ci ildə Qətərdə keçiriləcək.

Xəbər 306 dəfə oxundu.