Bu gün Yunanıstanda Pekin Qış Olimpiya Oyunlarının məşəlinin yandırılması mərasimi keçiriləcək
Bu gün qədim Olimpiya Oyunlarının vətəni Yunanıstanda Pekin Qış Olimpiya Oyunlarının məşəlinin yandırılması mərasimi keçiriləcək.

İlk məşəli yunanıstanlı xizəkçi Yannis İoannis Antoniou daşıyacaq. Məşəlin Afinanın Akropol mərkəzindən başlayan səyahəti uzun sürməyəcək. Belə ki, oktyabrın 19-da tarixi “Panatinaikos” stadionunda Çin nümayəndələrinə təhvil veriləcək. Məşəl estafeti səyahətini Çində Pekin Olimpiadasının açılış günü - fevralın 4 -də başa çatdıracaq.

Olimpiya məşəli — Olimpiadanın simvoludur. Onun başlanğıcını Prometey tərəfindən yunan tanrısı Zevsdən məşəlin oğurlaması ilə əlaqədar qədim Yunanıstandan götürdüyü fərz edilir. Məşəl Amsterdamda 1928-ci il Yay Olimpiya Oyunlarında təqdim olunub və o vaxtdan bəri müasir Olimpiya Oyunlarının bir hissəsi olub. Məşəlin Yunanıstandan oyunların keçirildiyi yerə müxtəlif ölkələrdən keçməklə ötürülməsi ideyası 1936-cı ildə Berlin Yay Olimpiya Oyunları zamanı Karl Diyem tərəfindən təqdim edilib.

Müasir dövrümüzdə Olimpiya məşəli Olimpiya Oyunlarının açılış mərasimindən bir neçə ay əvvəl yandırılır. Məşəl Hera məbədində günəşin şüalarını parabolik güzgü ilə istiqamətləndirməklə alovlandırılır. Məşəl növbə dəyişməklə Yunanıstanı dolanır və məşhur “Panatinaikos” stadionunda oyunların keçiriləcək şəhərə ötürülür.

Olimpiya məşəlinin estafeti oyunların mərkəzi stadionda təntənəli açılış mərasimi günündə başa çatır. Onun sonuncu daşıyıcıları son ana qədər elan edilməmiş saxlanılır və adətən, məşəlin sonuncu daşıyıcıları oyunları qəbul edən ölkənin məşhur idmançıları olur. Sonda arenada alovu yandırmaq üçün bu məşəldən istifadə edilir. Alov oyunlar davam edən günlərdə də yanır və bu oyunların təntənəli bağlanış gününə qədər davam edir.

Xəbər 365 dəfə oxundu.