Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub
Oktyabrın 17-də futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub.

Turun və birinci dövrənin son oyununda "Qarabağ" klubu "Sabah"ın qonağı olub. Masazırdakı "Bank Respublika Arena"da keçirilən görüş Ağdam klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçın 27-ci dəqiqəsində Ramin Quliyevin baş məşqçi olduğu komanda azlıqda qalıb. Paraqvaylı hücumçu Xulio Sezar Rodriges "köhlən atlar"ın qapıçısı Şahruddin Məhəmmədəliyevə ayağı ilə zərbə endirdiyi üçün meydandan qovulub. Matçda hesab 44-cü dəqiqədə açılıb. Qonaqların yarımmüdafiəçisi Filip Ozobiç fərqlənib. İlk hissə 1:0 hesabla başa çatıb.

İkinci hissədə də hücumlarını davam etdirən "Qarabağ" 51-ci dəqiqədə Abdullah Zubirin qolu ilə fərqi 2 topa çatdırıb. Oyunun 65-ci dəqiqəsində meydan sahiblərinin yarımmüdafiəçisi Aleksey İsayev buraxılan qollardan birinin əvəzini çıxıb.

Bu qələbədən sonra xallarını 17-yə çatdıran "Qarabağ" zirvədəki yerini möhkəmlədib. Bir xalı olan "Sabah" isə sonuncu pillədə qalıb.

Qeyd edək ki, günün ilk oyununda "Neftçi" səfərdə "Sumqayıt"la heç-heçə edib - 1:1. Eyni hesab ötən gün keçirilmiş "Qəbələ" - "Zirə" matçında da qeydə alınıb. İlk oyun gününün digər qarşılaşmasında isə "Keşlə" səfərdə "Səbail"ə 2:1 hesabı ilə qalib gəlib.

Xəbər 261 dəfə oxundu.