“Pekin-2022” zamanı COVID-19 testi müsbət olan iştirakçılar xəstəxanaya yerləşdiriləcəklər
2022-ci ildə Pekində keçiriləcək Qış Olimpiya Oyunları zamanı COVID-19 testi müsbət olan iştirakçılar xəstəxanaya yerləşdiriləcəklər.

Bununla bağlı oyunların təşkilat komitəsi məlumat yayıb. Məlumatda bildirilib ki, Pekində bir sıra antikoronavirus tədbirləri qüvvədə olacaq. Belə ki, N95 maskalarının yemək zamanı və mükafatlandırma mərasimi istisna olmaqla, taxılması tələb olunacaq. KİV nümayəndələrinin isə iştirakçılarla ya internet, ya da plastik arakəsmələr vasitəsi ilə ünsiyyət quracağı gözlənilir.

Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsinin mətbuat xidməti Pekində keçiriləcək Qış Olimpiya Oyunları üçün biletlərin yalnız Çin sakinlərinə paylanacağını bildirib. Bilet almaq istəyənlər daha sonra formalaşdırılacaq protokolların tələblərinə riayət etməlidirlər. Pekin Qış Olimpiya Oyunları fevral 4-20-də keçiriləcək.

Xəbər 313 dəfə oxundu.