AMADA idmançılara dəstək məqsədi onlayn müraciət platformasını istifadəyə verib
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) idmançıların antidopinq sahəsində hüquqi öhdəliklərinin yerinə yetirilməsinə kömək məqsədi ilə yeni platforma hazırlayıb. Bu platforma antidopinq sahəsi ilə bağlı bir sıra vacib hüquqi prosedurların onlayn formada həyata keçirilməsinə imkan verir.

Antdopinq qayda pozuntularının araşdırılması zamanı idmançının hüquqlarının qorunması baxımından vacib olan hüquqi proseduralar - idmançıdan izahat alınması, idmançının İntizam və ya Apellyasiya komitəsinə müraciət etməsi mövcuddur. Bundan əlavə, hər bir peşəkar idmançı öz karyerası ilə bağlı bir sıra qərarları (idmanı tərk etmə, idmana qayıtma, idman növünü dəyişmə, hərbi xidmətlə bağlı idmanı müvəqqəti tərk etmə) qəbul etdikdə bunun hüquqi cəhətdən rəsmiləşdirilməsinə məsuliyyət daşıyır. Həmin məsələlərlə bağlı məlumatlar AMADA-ya təqdim edilmədiyi təqdirdə bu, müəyyən hüquqi nəticələrə səbəb ola bilər. Qərarların hüquqi cəhətdən rəsmiləşdirilməsi mürəkkəb proses olmaqla yanaşı, bunun icrası hüquqi biliklər və vaxt tələb edir.

Məsələnin əhəmiyyətini nəzərə alaraq AMADA onlayn müraciət platformasını istifadəyə verib. Belə ki, idmançıların işini asanlaşdırmaq məqsədi ilə hazırlanan səkkiz sadə nümunə (idmançılar üçün: antidopinq qayda pozuntusu ilə bağlı izahat forması, İntizam komitəsinə müraciət forması, Apellyasiya komitəsinə müraciət forması, idmanı tərk etmə forması, idmana qayıtma forması, idman növünün dəyişməsi forması, hərbi xidmət haqqında forma, respublika idman federasiyaları üçün: milli yığma komandadan çıxarılma forması) platformaya yerləşdirilib. Beləliklə, idmançılar AMADA-nın ofisinə gəlmədən, poçt xidməti və kağız daşıyıcılardan istifadə etmədən antidopinq sahəsi ilə bağlı yuxarıda qeyd olunan öhdəliklərini, habelə bir sıra hüquqi addımları onlayn şəkildə asanlıqla həyata keçirə bilər. Bunun üçün AMADA-nın rəsmi internet səhifəsinə daxil olaraq “onlayn müraciət” bölməsinə girmək (https://f.amada.az) və müvafiq formaları doldurmaq kifayətdir. Həmin bölmədə qaydalar və tələb olunan məlumatlar ətraflı şəkildə izah olunub.

İdmançılara dəstək məqsədi ilə dövrün tələblərini, o cümlədən də COVID 19 pandemiyasının gətirdiyi məhdudiyyətləri nəzərə alaraq fiziki ünsiyyətin minimuma endirilməsi və idmançıların işinin asanlaşdırılması üçün belə yeniliklərin tətbiqi davam etdiriləcək. Çünki idmançıların sağlamlıqlarının və hüquqlarının qorunması, onların idman fəaliyyətinin hüquqi cəhətdən düzgün təşkili AMADA üçün dəyişməz prioritetdir.

Xəbər 392 dəfə oxundu.