Yoldaşlıq oyununda Bakıdakı dünya çempionatına dəstək
İsmət Qayıbov Bakıxanov qəsəbə adına stadionda futbol üzrə Azərbaycan və Bəhreyn milli komandaları arasında keçirilmiş yoldaşlıq oyununda bu il ölkəmizdə təşkil olunacaq dünya çempionatının təbliğatı aparılmışdır.
“FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012”nin Yerli Təşkilat Komitəsinin keçirdiyi aksiyada oyunu izləmək üçün stadiona gələn azarkeşlərə çempionatın təbliğat materialları - bilet satış nöqtələri, bilet qiymətləri haqqında məlumat və çempionat oyunlarının cədvəlinə dair broşürlər paylanmışdır.
Çempionatın rəsmi talismanı “Top Top Qız” isə oyun müddətində azarkeşlər arasında gəzmiş, fasilə zamanı isə meydançaya çıxaraq azarkeşləri salamlamışdır. Oyundan əvvəl və fasilə zamanı diktor Azərbaycan - Bəhreyn qarşılaşmasını izləməyə gələn azarkeşlərə dünya çempionatının təşkil olunacağı stadionlar, “Top Top Qız”ın tarixçəsi, çempionatın keçirilmə tarixləri, açılış və final oyunları, bilet satış nöqtələri və sair barədə məlumat vermişdir.
AzərTAc

Xəbər 1082 dəfə oxundu.