“İqtisadçı” Tailand yığmasının daha 2 voleybolçusunun transferini rəsmiləşdirib
“İqtisadçı” Tailand yığmasının daha 2 voleybolçusunun transferini rəsmiləşdirib. Bakı təmsilçisi bu dəfə Onuma Sittirak və Pleumjit Zinkaovla razılığa gəlib. Hər 2 voleybolçu ilə 1 illik müqavilə imzalanıb.

26 yaşlı Sittirak Tailandın “Kazu-Fuket” klubundan transfer olunub. 176 sm boya malik voleybolçu daha öncə BEC (2004), “Federbrau” (2008-2009), “Zeyler” (İsveçrə, 2009-2010), “Kazu-Fuket” (Tailand, 2010), “Dinamo” (Rusiya, Kazan, 2011) və “Çanq”da (2010-2011) forma geyinib. 2007-ci ildən millisinin şərəfini qoruyan Onuma 2 il sonra Asiya çempionatının ən dəyərli voleybolçusu seçilib. O, həmçinin 3 dəfə qitəsinin Çempionlar Liqasının qalibi (2009, 2010, 2011) və 1 dəfə bürünc mükafatçısı olub. Tailand çempionu olan Sittirak bu illərdə yarışın ən dəyərli voleybolçusu, bombardiri adlarına da yiyələnib. Rusiyada çıxış etdiyi zaman Super Liqasının və ölkə kubokunun qızıl medalı qazanıb.

Onuma 2004-cü ildə Asiya Çempionlar Liqasının ən gözəl voleybolçusu seçilib.

Zinkaov isə son 3 mövsümü Çinin “Fujian” klubunda keçirib. 29 yaşlı voleybolçu ölkəsində “Sanq Som” (2007), “Federbrau” (2010), “Çanq” (2011), Rusiyada “Aurum” (2005), Çində “Honq Her” (2004), “Tan Hao” (2006-2007), Türkiyədə isə “Ereğli Bələdiyyə”sində də çıxış edib. 2001-ci ildən yığmasının heyətinə cəlb olunan blokçu 2009, 2010 və 2011-ci ildə Tailand klubları ilə Asiya Çempionlar Liqasını qazanıb. Millisinin heyətində qitəsinin qızıl (2009) və 2 dəfə bürünc (2001, 2007) medalına sahib olub. Asiya kubokunda isə 2008-ci ildə 2-ci, 2 il sonra 3-cü yeri tutub. O, həmçinin 2007-ci ildə qitə çempionatında ən yaxşı blokçu və ən yaxşı topu oyuna daxil edən voleybolçu adını qazanıb.

Qeyd edək ki, bununla da “İqtisadçı” Tailand yığmasının voleybolçularının sayı 6-ya çatıb. Sittirak və Zinkaovdan öncə Vilavan Apinyaponq, Hyafa Amporn, Malika Kanzonq və Vanna Buakeva ilə müqavilə imzalamışdı. Onlar bundan əlavə, amerikalı Nansi Metkalfı da heyətlərinə qatıblar.

Xəbər 1042 dəfə oxundu.