Azərbaycan Cüdo Federasiyasının təlim-məşq bazasında şəhid övladı ilə görüş olub
Azərbaycan Cüdo Federasiyasının təlim-məşq bazasında Vətən müharibəsi zamanı Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Elşən Musayevin oğlu, cüdoçu Hüseyn Musayev ilə görüş olub.

Azsport.az Azərbaycan Cüdo Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, tədbirdə Hüseynin atası, şəhid Elşən Musayevin müharibədə göstərdiyi rəşadətdən və keçdiyi qəhrəmanlıq yolundan geniş söhbət açılıb.

Sonra milli komandamızın baş məşqçisi Mövlud Mirəliyev Hüseynə xatirə hədiyyələri təqdim edərək onu tanınmış və öndə gedən cüdoçularımız, eləcə də milli komandanın məşqçilər korpusu ilə tanış edib. Mövlud Mirəliyev balaca cüdoçumuza gələcək həyatında böyük uğurlara imza atmağı və Azərbaycanın idman şərəfini layiqincə təmsil etməyi arzulayıb. Daha sonra şəhid övladı ilə xatirə şəkli çəkdirilib.

Tədbirin sonunda şəhid ailələrinə daim diqqət və qayğı göstərən, bu görüş üçün şərait yaradan Azərbaycan Cüdo Federasiyasının rəhbərliyinə bütün məşqçilər və idmançılar adından minnətdarlıq ifadə olunub.

Xəbər 361 dəfə oxundu.