Yunan-Roma güləşçimiz Taleh Məmmədov dünya çempionatının yarımfinal mərhələsinə yüksəlib
Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı sona yaxınlaşır.

Səkkizinci yarış günündə - oktyabrın 9-da 63, 67 və 87 kiloqram çəki dərəcələrində çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar.

Güləşçimiz Taleh Məmmədov (63 kq) startda türk həmkarından güclü olub. Təcrübəli güləşçimiz Koreya idmançısını da üstələyərək yarımfinala yüksəlib.

Millimizin üzvü Həsrət Cəfərov (67 kq) debütdə ABŞ təmsilçisinə elə ilk hissədə tam üstünlüklə qalib gəlib. Gənc pəhləvanımız daha sonra hindistanlı rəqibinə aman verməyib. Ancaq dörddəbir finalda son Olimpiya çempionu iranlı Məhəmmədrza Gerayiyə məğlub olub.

Mübarizəyə səkkizdəbir finaldan qoşulan İslam Abbasov (87 kq) gürcüstanlı dünya çempionu Laşa Qobadzeylə bacarmayıb.

Qeyd edək ki, Azərbaycanın sərbəst güləşçilərdən Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıblar. Qadın güləşçilər yarışı medalsız bitiriblər. Yunan-Roma güləşçilərindən isə Rafiq Hüseynov (82 kq) qızıl, Sənan Süleymanov (77 kq) gümüş, Eldəniz Əzizli (55 kq) isə bürünc medal əldə ediblər.

Xəbər 322 dəfə oxundu.