Azərbaycanın U-17 millisi Avropa çempionatının seçmə mərhələsində iştirak etməyəcək
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandası Avropa çempionatının seçmə mərhələsində iştirak etməyəcək.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, U-17 Avropa çempionatının seçmə mərhələsində çıxış etmək üçün Belçikada səfərdə olan komandamızın 3 futbolçusu - Həmzəalı Mikayılov (müdafiəçi, “Sabah”), Adəm Topalov (yarımmüdafiəçi, “Səbail”) və İbrahim Ağayarovun (yarımmüdafiəçi, “Qarabağ”) COVID-19 testinin nəticəsi pozitiv olduğundan millimizin üzvləri hazırda qaldıqları oteldə karantin rejimindədirlər.

AFFA ilə UEFA arasında aparılan danışıqlar, AFFA-nın texniki departamentinin verdiyi rəy, komandamızın bir neçə gün ərzində karantin rejimi ilə əlaqədar məşq edə bilməməsi nəzərə alınaraq, qurumlar arasında əldə olunan qarşılıqlı razılaşmaya əsasən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində çıxış etməməsi qərara alınıb.

Yaxın günlərdə UEFA tərəfindən millimizə müvafiq oyunlarda texniki məğlubiyyət verilməsi haqqında qərar qəbul oluna bilər.

Xəbər 301 dəfə oxundu.