Canni De Byazi: İrlandiyada itirdiyimiz 2 xalı bərpa etmək istəyirik
İlk dəqiqələrdən yaxşı oynamalı, topa nəzarət etməliyik. Bunun üçün lazımi keyfiyyətlərimiz var. Digər tərəfdən, standart vəziyyətlər zamanı diqqətli olmalıyıq. Çox istəkliyik, yaxşı hazırlaşmışıq, komandada vəziyyət yaxşıdır.

Bunu futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində İrlandiya yığmasını qəbul edəcək Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi oktyabrın 8-də təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis bildirib ki, sabah yaxşı nəticə qazanmaq istəyirik. Təəssüf ki, zədəli futbolçularımız var. Bəzi oyunçular bizə kömək edə bilməyəcək. Ümumi götürsək komandamdan razıyam. Rəqib FIFA-nın reytinqində 50-ci olsa da, İrlandiyada yaxşı çıxış etmişdik. İrlandiyada itirdiyimiz 2 xalı bərpa etmək istəyirik.

“Bizim oyunçular bu ildən ölkə xaricinə çıxış etməyə başlayıblar. Bu, Azərbaycan futbolu üçün müsbət məqamdır. Amma cəmi 2-3 aydır orada oynayırlar. Bir ildən sonra ümumi vəziyyətə baxarıq. Sabah Mahir Emrelidən qol gözləyirəm. Çünki mənim rəhbərliyim altında fərqlənə bilməyib. Bundan əlavə, Araz Abdullayev daha da inkişaf edib. Məni yaxşı mənada təəccübləndirdi. Ona ümid bəsləmək olar”, - deyə baş məşqçi əlavə edib.

Millimizin futbolçusu Emin Mahmudov deyib: “Yığmada nəticə vermək üçün yaxşı oynamaq lazımdır. Millidə məsuliyyət daha çoxdur. Bu barədə danışmaq bir az çətindir. Sadəcə, meydana çıxıb ən yaxşısını etməlisən. Alınsa, hamı sizi tərifləyəcək. Mahir Emreli bizi Polşada çox yaxşı təmsil edir. Görürlər ki, bizdən də yaxşı futbolçular çıxır. Həm Mahirin, həm də digər legionerlərin millidə də inamlı çıxış edəcəyinə inanıram”.

Qeyd edək ki, oktyabrın 9-da Bakı Olimpiya Stadionunda oynanılacaq Azərbaycan - İrlandiya görüşü saat 20:00-da başlayacaq.

Xəbər 289 dəfə oxundu.