Üç yunan-Roma güləşçimiz dünya çempionatının yarımfinal mərhələsinə yüksəlib
Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı davam edir.

Altıncı yarış günündə - oktyabrın 7-də 55, 72, 77 və 82 kiloqram çəki dərəcələrində çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar.

Güləşçimiz Eldəniz Əzizli (55 kq) ilk görüşdə ukraynalı rəqibindən güclü olub. Dünya və Avropa çempionumuz daha sonra Qırğızıstan güləşçisinə şans tanımayıb və yarımfinala yüksəlib.

Milli komandamızın üzvü Ülvü Qənizadə (72 kq) startda Almaniya güləşçisi ilə qarşılaşıb. Hesabda 1:6 geriyə düşən həmyerlimiz möhtəşəm geridönüş edərək əzmkar qələbə qazanıb. Təmsilçimiz Gürcüstan pəhləvanı ilə gərgin idman mübarizəsi şəraitində keçən görüşdə də sevinən tərəf olub. Ancaq dörddəbir finalda iranlı rəqibinə uduzub.

Sənan Süleymanov (77 kq) ilk mərhələdə Qırğızıstan idmançısına tam üstünlüklə qalib gəlib. Gənc pəhləvanımız Tacikistandan olan həmkarına da heç bir şans tanımayıb. S.Süleymanov alman rəqibinə də eyni aqibəti yaşadaraq karyerasında ilk dəfə dünya çempionatının yarımfinalına adlayıb.

Çempionatda 82 kiloqram çəki dərəcəsində çıxış edən Rafiq Hüseynov əvvəlcə Estoniya güləşçisini vaxtından əvvəl üstələyib. Qırğızıstan idmançısı da təcrübəli güləşçimiz qarşısında tab gətirməyib. İsveçli dünya ikincisi və Avropa üçüncüsü Aleks Kessidislə görüş dramatik alınıb. Güləşçimiz ilk hissəni 0:6 hesabı ilə başa vurub. İkinci yarıda əsl əzmkarlıq nümayiş etdirən R.Hüseynov güclü rəqibinə minimal fərqlə qalib gələrək yarımfinala vəsiqə qazanıb.

Yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 18:45-də başlayacaq.

Xatırladaq ki, dünya çempionatında sərbəst güləşçilərimizdən Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıblar. Qadın güləşçilər isə yarışı medalsız başa vurublar.

Xəbər 415 dəfə oxundu.