Bu gün UEFA Millətlər Liqasının ikinci finalçısı müəyyənləşəcək
Oktyabrın 7-də futbol üzrə UEFA Millətlər Liqasında final mərhələsinin ikinci iştirakçısı müəyyənləşəcək.

Yarımfinal mərhələsinin ikinci görüşündə Belçika və Fransa yığmaları üz-üzə gələcək. Turindəki “Yuventus” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Matçı almaniyalı FIFA referisi Daniel Zibert idarə edəcək.

Xatırladaq ki, yarımfinal mərhələsinin ötən gün keçirilən birinci görüşündə İspaniya millisi İtaliyanı 2:1 hesabı ilə məğlubiyyətə uğradıb.

Turnirdə üçüncü yer uğrunda oyun və final matçı oktyabrın 10-da keçiriləcək.

Xatırladaq ki, UEFA Millətlər Liqası ikinci dəfə təşkil olunur. Bu turnirin ilk qalibi Portuqaliya millisi olub.

Xəbər 292 dəfə oxundu.