Azərbaycan yığmasının Avropa çempionatının seçmə mərhələsində debütü uğurlu alınıb
Kişi basketbolçulardan ibarət Azərbaycan yığmasının Avropa çempionatının seçmə mərhələsində debütü uğurlu alınıb. Elxan Əliyevin yetirmələri ilk oyununu Lüksemburqa qarşı keçirib. Səfərdə baş tutan matçda millimiz ilk dəqiqələrdən təşəbbüsü ələ alaraq, rəqibə aman verməyib. Birinci hissədə Zaur Paşayev, Orxan Aydın və Rasim Başakın 3 xallıq atışları Lüksemburq yığmasına şok yaşadıb - 31:17. Daha sonra yığmamız qalan 3 hissədə bu üstünlüyü qoruyaraq (28:24, 27:25, 15:12) oyunu qələbə ilə başa vurub – 101:78. Düzdür, xal fərqi daha böyük ola bilərdi. Amma Əliyev dördüncü hissəsinin axırında ehtiyatda olan heyəti oynadıb. Bu gedişlə baş məşqçimiz yığmanın əsas heyətinə bir qədər istirahət verib. Qrupdakı əsas rəqiblərimizdən biri Bolqarıstan yığması İsveçi 78:73 hesabı ilə məğlub edib. Bu səbəbdən avqustun 18-də millimizi “Sərhədçi” Olimpiya Mərkəzində Bolqarıstan yığması ilə çətin sınaq gözləyir.

Xəbər 1055 dəfə oxundu.