Avropa çempionatı: Bu gün daha 3 fudokançımız mübarizə aparacaq
Polşanın Katovis şəhərində fudokan döyüş növü üzrə 25-ci Avropa çempionatı davam edir.

Bu gün şobu ippon versiyasında Ülvi Məmmədov, Əsəd İmanov və Nicat Əsədov mübarizəyə qoşulacaqlar.

Bundan əvvəl fudokançılarımızdan uşaqlar arasında Elməddin Səlimli qızıl, 18-21 yaşlı idmançılar arasında Əsəd İmanov gümüş, Nicat Əsədov isə bürünc medal qazanıblar.

Azərbaycan komandası şəxsi kumite yarışlarında (18-21 yaşlılar) üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, turnirdə ölkəmizi Dünya Fudokan Federasiyasının Azərbaycanda rəsmi və səlahiyyətli nümayəndəsi Vüsal Abdullazadənin rəhbərliyi altında 4 idmançı təmsil edir.

Otuzdan çox ölkədən idmançıların iştirak etdiyi qitə çempionatı oktyabrın 6-dək davam edəcək.

Xəbər 298 dəfə oxundu.