Sərbəst güləşçimiz Turan Bayramov dünya çempionatında bürünc medal uğrunda mübarizə aparacaq
Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı davam edir.

Üçüncü yarış günündə - oktyabrın 4-də 70 və 97 kiloqram çəki dərəcəsində çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulublar.

Güləşçimiz Turan Bayramov (70 kq) səkkizdəbir finalda dünya ikincisi Adam Batırovla qarşılaşıb. Təcrübəli Bəhreyn təmsilçisi ilə gərgin idman mübarizəsi şəraitində keçən görüşdə həmyerlimiz əzmkar qələbə qazanıb. Dörddəbir finaldakı rəqib də dünya ikincisi olub. ABŞ idmançısı Ceyms Qrinlə qarşılaşma da dramatik məcrada keçib. Yekunda qələbəni minimal fərqlə əldə edən T.Bayramov dünya çempionatının yarımfinalına yüksəlib. Finalın bir addımlığında dünya ikincisi və ikiqat Avropa çempionu olmuş polşalı Məhəmmədmurad Hacıyevlə qarşılaşan T.Bayramov təcrübəli rəqibinə uduzub. Güləşçimiz oktyabrın 5-də bürünc medal uğrunda güləşəcək.

Digər güləşçimiz İslam İlyasov (97 kq) debütdə Belarus idmançısına minimal fərqlə uduzub.

Qeyd edək ki, hələlik Azərbaycanın sərbəst güləşçilərindən yalnız Abubakr Abakarov (86 kq) bürünc medal qazanıb.

Xəbər 372 dəfə oxundu.