Naxçıvan şəhərində Üzgüçülük Mərkəzinin açılış mərasimində Azərbaycan Respubikasının Prezidenti İlham Əliyevin nitqi
- Əziz naxçıvanlılar!
- Əziz dostlar, idmançılar!
Bu gün Naxçıvanda yeni idman qurğusu istifadəyə verilir. Yeni üzgüçülük kompleksi tikilib Naxçıvan idmançılarının, bütün naxçıvanlıların sərəncamına verilir. Bu münasibətlə mən sizi ürəkdən təbrik edirəm. Əminəm ki, naxçıvanlılar bu kompleksdən səmərəli istifadə edəcəklər. Burada həm idmançılar öz məşqlərini keçirəcək, eyni zamanda, sadə insanlar, bəlkə də, idmana o qədər yaxın olmayanlar da buraya gəlib öz sağlamlıqlarını bərpa edəcək, möhkəmlədəcəklər. Çünki üzgüçülük insanın sağlamlığı üçün ən faydalı idman növlərindən biridir. Mən ümid edirəm ki, bu kompleks çox səmərəli işləyəcək və naxçıvanlılar da ondan səmərəli istifadə edəcəklər.
İdman Azərbaycanda artıq böyük ictimai amilə çevrilmişdir. İdman hər bir ölkənin potensialını, gücünü, səviyyəsini göstərir. Təsadüfi deyil ki, inkişaf etmiş ölkələrdə idmana böyük diqqət və qayğı göstərilir. Bu da təbiidir. Çünki inkişaf etmiş ölkələrdə iqtisadiyyat güclüdür, maddi imkanlar var, idmana, onun inkişafına vəsait ayrılması daha asandır. Azərbaycan isə 1990-cı illərin əvvəllərində çox çətin vəziyyətə düşmüşdü. Ölkəmiz iqtisadi cəhətdən zəif idi, tənəzzülə uğrayırdı və demək olar ki, iflic vəziyyətində idi. Bütün sahələr kimi, idman da yalnız ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda rəhbərliyə qayıdışından sonra inkişaf etməyə başladı. Çətin iqtisadi vəziyyətə baxmayaraq, xalqımızın lideri tərəfindən idmana daim diqqət və qayğı göstərilirdi və beləliklə, Azərbaycanda idmanın inkişafının təməli qoyulmuş oldu.
Ondan sonrakı illərdə bu inkişaf daha sürətlə getməyə başladı. Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Bizim idmançılarımız müxtəlif yarışlarda uğurla çıxış edirlər, ölkəmizə qələbələr qazandırırlar. Beynəlxalq turnirlərdə, dünya və Avropa çempionatlarında, Olimpiya oyunlarında Azərbaycanın bayrağı qaldırılır, dövlət himni səslənir. Bu yaxınlarda keçirilmiş Afina Yay Olimpiya oyunlarında da idmançılarımız, bizim olimpiya komandamız çox uğurla çıxış etmiş, 5 medal - 1 qızıl, 4 bürünc medal qazanmış və Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırmışdır.
Azərbaycanda idmanın əksər növləri inkişaf edir. Müxtəlif idman növləri üzrə bizim həm olimpiya, həm də dünya çempionlarımız vardır. Çox sevindirici haldır ki, uşaqlar, yeniyetmələr idmana böyük maraq göstərirlər. İdman bölmələrinə olan axın, uşaq və yeniyetmələr tərəfindən olan maraq onu göstərir ki, Azərbaycanda idman hərtərəfli inkişaf edir. Təbii ki, bizə Olimpiya oyunlarında və dünya çempionatlarında qələbələr lazımdır.
Çünki bu, ölkənin səviyyəsini və potensialını göstərir, Azərbaycanı dünyada daha da yaxşı tanıdır və xalqımıza böyük sevinc gətirir. Xalqımız bundan qürur hissi duyur.
Amma bununla yanaşı, bizə idmanın kütləviliyi lazımdır. Hər bir gəncin, yeniyetmənin, uşağın idmanla məşğul olması və öz sağlamlığını möhkəmləndirməsi lazımdır. Çünki idman sağlamlıq deməkdir, həyat deməkdir. Mən bütün gənclərə, bütün insanlara idmanla məşğul olmağı məsləhət görürəm. Bunu etmək üçün Azərbaycanda gözəl şərait yaradılmışdır. Ölkəmizin müxtəlif yerlərində yeni idman kompleksləri tikilib istifadəyə verilir. Beləliklə, təkcə Bakıda deyil, Azərbaycanın bütün bölgələrində bu şərait yaradılır və bundan sonra da yaradılacaqdır. Növbəti beş idman kompleksinin tikilməsi nəzərdə tutulur və onlar tikiləndən sonra müxtəlif bölgələrdə, o cümlədən Naxçıvanda da idmanla məşğul olmaq üçün daha yaxşı şərait yaradılacaqdır.
Bildiyiniz kimi, Milli Olimpiya Komitəsinin təşəbbüsü ilə həyata keçirilən proqram çərçivəsində Bakıdan sonra ilk olimpiya idman kompleksi iki il bundan əvvəl Naxçıvanda tikilmişdir. Bu gözəl binanın açılışında xalqımızın ümummilli lideri Heydər Əliyev iştirak edirdi və öz ürək sözlərini demişdir. Yadımdadır ki, bu kompleksin açılışından sonra o, bədii proqrama tamaşa edərkən dedi ki, mən nə qədər sevinirəm ki, mənim doğma yurdumda, vətənimdə - Naxçıvanda belə bir gözəl kompleks tikilibdir və sən də bunun təşəbbüskarı olmusan. Ona görə mən sənə minnətdaram. Bu sözlər mənim üçün çox əzizdir. Bu gün də eşidəndə ki, bu kompleks çox səmərəli fəaliyyət göstərir, insanlar idmanla məşğul olmaq üçün ondan səmərəli istifadə edirlər - mən çox sevinirəm. Əminəm ki, Heydər Əliyev də çox sevinərdi ki, bu kompleks insanlara xidmət edir.
Üzgüçülük kompleksi də məhz bu məqsədi daşıyır, yəni buraya gələn hər bir vətəndaş ondan səmərəli istifadə etsin, dincəlsin, məşq eləsin. Bu, həm də inkişaf deməkdir, yeni infrastrukturun yaradılması deməkdir. Azərbaycanda bütün sahələrdə - iqtisadiyyatda, nəqliyyatda yeni infrastruktur yaradılır. Heydər Əliyevin təşəbbüsü ilə tikilmiş Naxçıvan hava limanının açılışı da Azərbaycan üçün böyük bir hadisə olmuşdur. İndi bu hava limanı dünya standartlarına cavab verir.
Bildiyiniz kimi, bu yaxınlarda mən Almaniyada rəsmi səfərdə olarkən orada “Aerobus” şirkəti ilə Azərbaycan arasında saziş imzalanmışdır. Dörd aerobus tipli yeni təyyarənin alınması nəzərdə tutulur. Bu barədə saziş imzalandı və hesab edirəm ki, bir ildən sonra, bəlkə daha tez, aerobuslar Azərbaycana gətiriləcək və Naxçıvandan Bakıya, Bakıdan Naxçıvana uçan sərnişinlər dünyanın bir nömrəli təyyarələrindən istifadə edəcəklər.
Azərbaycanda böyük işlər görülür. Xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən təməli qoyulmuş iqtisadi inkişaf sürətlə davam edir, yeni müəssisələr, iş yerləri açılır, yeni idman qurğuları istifadəyə verilir. Yeni yaradılan hər bir müəssisə dünya standartlarına cavab verir. Azərbaycan xalqı buna layiqdir. Azərbaycan vətəndaşları gərək ən yüksək səviyyədə olan idman qurğularından istifadə etsinlər, ən yüksək tələblərə cavab verən hava limanına daxil olsunlar və təhlükəsizlik baxımından ən etibarlı təyyarələrdən istifadə etsinlər. Biz bütün bunları xalq üçün, onun daha yaxşı, xoşbəxt yaşaması üçün edirik. Çalışırıq ki, insanlarımızın rifah halı günü-gündən, ildən-ilə yaxşılaşsın.
Bu üzgüçülük kompleksi memarlıq baxımından da gözəl binadır. Biz buna xüsusi diqqət yetirmişik və istəyirdik ki, bu bina Naxçıvana əlavə bir yaraşıq versin. Çox şadam ki, kompleks memarlıq baxımından da çox yaraşıqlıdır və buradan keçən hər bir insan binanın görkəmindən zövq alacaqdır.
Əziz dostlar!
Bu kompleksin açılışı münasibətilə sizi bir daha ürəkdən təbrik edirəm. Sizi əmin etmək istəyirəm ki, həm Milli Olimpiya Komitəsinin prezidenti kimi, həm də Azərbaycan Respublikasının Prezidenti kimi bundan sonra da Azərbaycanın daha da inkişafı üçün və güclənməsi naminə, dünya birliyində mövqeyinin daha da möhkəmlənməsi üçün, Azərbaycan xalqının daha da yaxşı yaşaması üçün, uşaqların daha firavan böyüməsi və yaxşı tərbiyə alması, yaxşı məktəblərdə oxuması üçün, bir sözlə, ölkəmizin tərəqqisi və güclənməsi, onun zəngin və qüdrətli dövlətə çevrilməsi naminə əlimdən gələni əsirgəməyəcəyəm.

2 sentyabr 2004-cü il

Xəbər 2483 dəfə oxundu.