Kosta-Rika yığmasının məşqçisi: Milli Gimnastika Arenasında yaradılmış şəraitdən çox razıyıq
Bakıya ilk dəfədir səfər edirəm. Bir neçə gün əvvəl Bakını gəzmək imkanımız oldu. Bakı çox gözəl şəhərdir və bizi valeh etdi. Mən Bakını çox sevdim.

Azsport.az Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, bunu Bakıda təlim-məşq toplanışında olan bədii gimnastika üzrə Kosta-Rika yığmasının məşqçisi Natalia Brenes deyib.

N.Brenes bildirib: “Bakıya gəlmək arzumuz idi. Çünki Azərbaycanın çox yaxşı bədii gimnastika komandası var. Ona görə də burada olmaq bizim üçün çox vacibdir. Əlbəttə ki, bu, həm də bizim üçün böyük imkandır”.

Amerika qitəsində təşkil olunacaq iki böyük yarışda iştirak edəcəklərini bildirən məşqçi deyib: “Bunlardan biri noyabrda Kolumbiyanın Kali şəhərində baş tutacaq gənclər arasında Pan-Amerika Oyunlarıdır. Burada bir gənc gimnastımız mübarizə aparacaq. Növbəti il isə böyüklərdən ibarət qrup komandamızın iştirak edəcəyi Mərkəzi Amerika Oyunları keçiriləcək. Bu səbəbdən burada təlim-məşq toplanışı bizim üçün çox vacibdir.

“Möhtəşəm Milli Gimnastika Arenasında yaradılmış şərait çox mükəmməldir. Buradakı şərait bizim üçün uzaq gələcəkdir. Təlim-məşq toplanışında üç gimnastımız iştirak edir. Onlar burada məşq etmək və azərbaycanlı məşqçilərlə çalışmaqdan çox məmnundurlar. Biz özümüzü evimizdəki kimi hiss edirik”, - deyə məşqçi bildirib.

Xəbər 321 dəfə oxundu.