“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Gədəbəydə keçirilib
AFFA-nın və Gədəbəy Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir keçirilib.

Gədəbəy rayonunun Novosaratovka kəndində keçirilən tədbirdə ümumilikdə 50 məktəbli uşağa futbola marağı artırmaq məqsədi ilə idman geyimləri və futbol topları verilib.

Bu layihə Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu ilin dekabrında Milli Olimpiya Komitəsində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır.

Tədbirdə AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Natiq Nağıyev, deputatlar Arzu Nağıyev, Sabir Hacıyev və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qeyd olunan layihə üzrə 2021-ci il ərzində respublikamızın müxtəlif bölgələrində yerli icra hakimiyyəti orqanları ilə birlikdə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə tədbirlər keçirilib. Bu layihə üzrə tədbirlərin respublikamızın digər bölgələrində də həyata keçirilməsi nəzərdə tutulub.

Xəbər 320 dəfə oxundu.