Vüqar Həşimov Şahmat Akademiyasının təşkilatçılığı ilə “5+” Tədris və İnkişaf Mərkəzində balacalarla görüş keçirilib
Sentyabrın 30-da Vüqar Həşimov Şahmat Akademiyasının təşkilatçılığı ilə Xırdalandakı “5+” Tədris və İnkişaf Mərkəzində balacalarla görüş keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Akademiyanın ölkəmizdə şahmatın inkişafı sahəsində fəaliyyətini yüksək qiymətləndirən Mərkəzin rəhbəri Nənəxanım Əliyeva “Vüqar Həşimov” komandasının bir neçə gün əvvəl klublararası Avropa kuboku yarışlarında bürünc medal qazanması münasibətilə şahmatçıları təbrik edib. O, Akademiyanın ölkəmizdə şahmatın inkişafına verdiyi töhfələrin, eləcə də qazandığı uğurların idmansevərlər tərəfindən böyük maraq və sevinclə qarşılandığını vurğulayıb.

Mərhum qrossmeyster Vüqar Həşimovun bacısı Samirə Allahverdiyeva yüksək qonaqpərvərliyə görə Mərkəzin rəhbərliyinə minnətdarlığını bildirib, tanınmış şahmatçının qısa, lakin şərəfli idman karyerasından, qələbələrindən, Azərbaycanda gənc şahmatçıların yetişdirilməsi ilə bağlı arzularından danışıb. O, istedadlı şahmatçının adını daşıyan komandanın beynəlxalq arenada uğurlu çıxışı ilə ölkəmizin idman şərəfini layiqincə qorumaqla yanaşı, Vüqar Həşimovun şahmat irsini də geniş təbliğ etdiyini balacaların diqqətinə çatdırıb. S.Allahverdiyeva Azərbaycanda Beynəlxalq Şahmat Federasiyası (FIDE) tərəfindən qeydiyyata alınmış ilk şahmat akademiyası olan Vüqar Həşimov Şahmat Akademiyasının ölkəmizdə şahmatın kütləviliyinin artırılmasında, yeni-yeni istedadlı şahmatçıların yetişməsində mühüm rol oynadığını vurğulayıb, bu istiqamətdə görülən işlər barədə məlumat verib.

Mərhum qrossmeysterin bacısı balacaları Akademiyada yaradılmış Vüqar Həşimov Muzeyi ilə tanış olmağa dəvət edib.

Sonra mərhum qrossmeyster Vüqar Həşimovdan bəhs edən videoçarx nümayiş olunub.

Akademiyanın məşqçi-müəllimi Gülarə Müslümova balacalar üçün təqdimatla çıxış edib və ustad dərsi keçib.

Daha sonra Mərkəzin balacaları arasında şahmat yarışı təşkil olunub.

Sonda S.Allahverdiyeva Akademiyanın rəhbərliyi adından N.Əliyevaya xatirə hədiyyələri təqdim edib.

Həmçinin “Vüqar Həşimov” komandasının Avropa kuboku yarışlarında qazandığı medal uşaqlara nümayiş olunub. Balacalar həmin mükafatla şəkillər çəkdiriblər.

Balacaların suallarını cavablandıran qonaqlar onlara hədiyyələr təqdim ediblər.

Xəbər 323 dəfə oxundu.