Futzal üzrə dünya çempionatının yarımfinalçıları müəyyənləşib
Litvada futzal üzrə dünya çempionatının yarımfinalçıları müəyyənləşib.

Mərhələnin maraqla gözlənilən qarşılaşması İspaniya və Portuqaliya milliləri arasında olub. Gərgin idman mübarizəsi şəraitində keçən görüşün əsas vaxtında qalib müəyyənləşməyib. İkinci hissədə 2:0 hesabı ilə irəli keçən İspaniya futzalçıları bu üstünlüyü qoruya bilməyiblər. Hissənin sonlarında əzmkar oyun nümayiş etdirən Portuqaliya komandası bərabərliyi təmin edib. Əlavə vaxtın 4-cü dəqiqəsində isə İspaniya futzalçısı avtoqol müəllifi olmaqla komandasını çətin vəziyyətdə qoyub. Beş dəqiqə sonra portuqaliyalılar fərqi artırıblar. Beləliklə 4:2 hesabı ilə qalib gələn Portuqaliya yığması yarımfinalda Qazaxıstan komandasına rəqib olub. Qazaxıstan futzalçıları dörddəbir finalda İran seçməsini mübarizədən kənarlaşdırıblar. Qazaxıstan futzalçıları tarixində ilk dəfə dünya çempionatının yarımfinala yüksəliblər.

Yarımfinalın digər görüşündə isə Braziliya və Argentina yığmaları üz-üzə gələcək. Matç sentyabrın 29-da təşkil olunacaq. Portuqaliya-Qazaxıstan oyunu isə bir gün sonra keçiriləcək.

Mükafatçılar oktyabrın 3-də müəyyənləşəcək.

Xəbər 289 dəfə oxundu.