Azərbaycan milli komandası sabah növbəti oyununu keçirəcək
Azərbaycan milli komandası sabah növbəti oyununu keçirəcək. Bəhreynlə görüş yığmamızın tarixində 187-ci qarşılaşma olacaq.

1992-ci ildən indiyədək 186 oyuna çıxan komandamız 20 ildə 33 qələbə qazanıbsa, 46 heç-heçə və 107 dəfə meydanı məğlub tərk edib. Bu isə o deməkdir ki, asiyalılara uduzmayacağı halda, komandamız 80-ci məğlubiyyətsiz oyununu arxada qoyacaq.

Bu günədək 129 dəfə fərqlənən milli öz qapısında 332 qol görüb. Lakin hazırda yığmamız qol həsrətindədir. Ardıcıl 2 oyundur eyni hesabla (0:2) məğlub olduqdan sonra qolsuz heç-heçə ilə kifayətlənən komandamız Dubayda Fələstinə, Şizuokada Yaponiyaya, Frankfurtda Andorraya qol vura bilməmişdi.

Milli sonuncu dəfə fevralın 27-də qol vurub. 170 gün əvvəl Hindistanla qarşılaşmanın 84-cü dəqiqəsində fərqlənən Nizami Hacıyevdən sonra hələlik qol vuran futbolçumuz olmayıb. Qol həsrəti 276 dəqiqədir davam edir.

İndiyədək baş tutan qarşılaşmalardan 88-i DÇ və AÇ-lərin seçmə oyunu olubsa, millimiz 99-cu dəfə yoxlama oyunu keçirəcək. Yoldaşlıq matçları və bu tip mini turnirlərdəki görüşlərdə yubileyin astanasında olan millimiz 25 qələbə qazanıb, 33 heç-heçə edib.

Yoxlama matçlarında yığmamız 40 dəfə meydandan məğlub ayrılıb. Yoldaşlıq oyunlarındakı top fərqi 88-129-dur.

İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionundakı görüş baş məşqçi Foqtsun bu postda 48-ci qarşılaşması olacaq. 2008-ci ilin martından fasiləsiz millinin “sükanı arxası”nda olan almaniyalı indiyədək 10 qələbəyə sevinib. Bu 4 ildən artıq müddətdə 12 heç-heçə görən Foqtsun komandası 25 dəfə meydanı başıaşağı tərk edib.

Bu matçlarda yığmamız 37 qolun sevincini yaşayıbsa, 2 dəfə çox - 74 dəfə qapıçımız topu tordan çıxarıb.

Bəhreynlə matç almaniyalı baş məşqçi üçün millimizlə 28-ci yoldaşlıq oyunu olacaq. Bakıdakı görüşədək belə oyunlarda 7 qələbə, 9 heç-heçə və 11 məğlubiyyət qeydə alınıb. Bu görüşlərdə 23 top vuran komandamız 34-nü buraxıb.

Millimiz artıq 5 oyun keçirdiyi 2012-ci ildə ilk ev oyununa çıxacaq. Sonuncu dəfə ötən il oktyabrın 7-də Avstriya ilə qarşılaşmada Bakıda oynayan Foqtsun yetirmələri 313 gündən sonra doğma publika önünə çıxacaq. Evdəki son yoxlama oyunu isə daha əvvələ təsadüf edir. Ötən il avqustun 10-da yığmamız Makedoniyanı qəbul etmişdi. Bu qarşılaşmalarda yığmamız müvafiq olaraq, 1:4 və 0:1 hesabı ilə uduzub.

Komandamız tarixində ilk dəfə İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionuna çıxacaq. Bunadək Bakıda Tofiq Bəhramov adına Respublika stadionu, “Dalğa Arena” və “Şəfa”da oynamış yığmamız Gəncə və Lənkəranda da qonaqları qəbul edib. Bu isə o deməkdir ki, futbolçularımız 6-cı arenada ev oyunu keçirəcək.

Xəbər 906 dəfə oxundu.