AFFA-nın icraçı vitse-prezidenti “Turan Tovuz” Futbol Akademiyasında olub
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov sentyabrın 28-də Tovuzda olub.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, səfər çərçivəsində E.Məmmədov “Turan Tovuz” klubunun nəzdində fəaliyyət göstərən Futbol Akademiyasına baş çəkib, akademiyanın iş prinsipi, burada təşkil olunan məşqlər, yaradılan şəraitlə yerində tanış olub, hazırlıq keçən uşaqlara AFFA tərəfindən ayrılmış geyim dəstlərini təqdim edib.

Məlumat verilib ki, “Turan Tovuz” Futbol Akademiyasında bir neçə yaş qrupu üzrə uşaqlar üçün müntəzəm məşqlər təşkil olunur.

Tədbirdə AFFA-nın kütləvi futbol departamentinin rəisi Fərrux İsmayılov, “Turan Tovuz” futbol klubunun İdarə Heyətinin sədri Oqtay Abdullayev, Qərb Regional Futbol Federasiyasının prezidenti Nadir Nəbiyev, “Turan Tovuz” Futbol Akademiyasının koordinatoru Adil Şükürov iştirak ediblər.

AFFA və klub rəsmiləri aşağı yaş qruplarından ibarət komandanın üzvləri ilə birgə futbol oynayıblar.

Xatırladaq ki, AFFA-nın İcraiyyə Komitəsinin 2019-cu ildəki iclasında Tovuzda, “Turan Tovuz” klubunun nəzdində Futbol Akademiyasının təsis edilməsi və inşa olunması barədə qərar qəbul olunub.

“Turan Tovuz” Futbol Akademiyası FIFA və UEFA-nın maliyyə dəstəyi ilə AFFA tərəfindən inşa edilib. Akademiyanın açılış mərasimi 2021-ci il yanvarın 16-da keçirilib.

“Turan Tovuz” Futbol Akademiyasının saxlanma xərclərinin qarşılanması məqsədilə AFFA tərəfindən FIFA-ya müraciət ünvanlanıb və beynəlxalq futbol qurumu müraciəti müsbət cavablandırıb. Qarşıdakı 3 il ərzində akademiya AFFA-nın vasitəçiliyi ilə FIFA-nın ayırdığı vəsait hesabına maliyyələşdiriləcək.

Xəbər 305 dəfə oxundu.