İlqar Rəhimov yenidən Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti seçilib
İlqar Rəhimov yenidən Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti seçilib.

Komitənin video-konfrans rejimində ümumi yığıncağı keçirilib.

İclasda şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra gündəlikdə duran məsələlər müzakirəyə çıxarılıb.

Komitənin baş katibi Kamal Məmmədov AMPK-nın 2017-2021-ci illərdəki fəaliyyəti barədə hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, Tokioda keçirilən XVI Yay Paralimpiya Oyunlarında 14 qızıl, 1 gümüş, 4 bürünc medal qazanan milli komandamız yüksək nəticə göstərib. Ötən Paralimpiya Oyunlarından keçən dövrdə görülən işlərin məntiqi nəticəsi olan bu uğurun həyata keçirilməsi bir komanda olaraq hər birimizin uğuru kimi qiymətləndirilə bilər. Bu uğurun davamı olaraq da 2024-cü ildə Parisdə keçiriləcək XVII Yay Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar AMPK tərəfindən görüləcək işlər haqqında geniş məlumat verib.

Ümumi yığıncaqda “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarının mükafatçıları AMPK-ya üzv seçiliblər.

Yığıncaqda təşkilati məsələlərə də baxılıb. AMPK-nın üzvlərinin səsverməsi nəticəsində İlqar Rəhimov yenidən komitənin prezidenti seçilib. İlham Zəkiyev və Yaşar Hacıyev vitse-prezident, Kamal Məmmədov isə baş katib vəzifələrinə seçiliblər.

Yığıncaqda AMPK-nın İcraiyyə Komitəsinin yeni tərkibi də təsdiq edilib.

Xəbər 387 dəfə oxundu.