Anım Günü ilə əlaqədar futbol üzrə dostluq görüşü təşkil olunub
“ASK Arena”da şəhid İsrayıl Cəfərzadənin xatirəsinə həsr olunmuş futbol üzrə dostluq görüşü keçirilib. Görüş Bakının “Keşlə” klubunun U-17 və U-19 komandaları arasında təşkil olunub.

Oyundan əvvəl Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Oyundan sonra keçirilən mükafatlandırma mərasimində “Keşlə”nin İdarə Heyətinin sədr müavini Elşan Abasov klubun sadiq azarkeşi olmuş İ.Cəfərzadənin əziz xatirəsini ehtiramla yad edib və qəhrəman övlad böyütdüklərinə görə şəhidin valideynlərinə minnətdarlığını bildirib.

Şəhidin atası Namiq Cəfərzadə övladının xatirəsinə göstərilən ehtirama görə “Keşlə” rəhbərliyinə və dostluq görüşündə iştirak edən komanda üzvlərinə təşəkkürünü çatdırıb.

Sonda “Keşlə”nin məşqçi heyəti və üzvləri hər iki komandanın üzvlərinə fəxri diplom təqdim ediblər.

2000-ci il sentyabrın 30-da Bakıda anadan olmuş İ.Cəfərzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Füzulinin və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşan İ.Cəfərzadə oktyabrın 16-da Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Bakıxanov qəsəbəsində yerləşən Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən İ.Cəfərzadə ölümündən sonra “Vətən uğrunda” və “İgidliyə görə” medalları ilə təltif edilib.

Xəbər 274 dəfə oxundu.