Norveç futbol klubları matçlarda VAR sisteminin tətbiq olunması imkanlarını nəzərdən keçirir
Norveç Futbol Assosiasiyası ölkədəki futbol matçlarında video-köməkçi hakim (VAR) texnologiyasının tətbiq edilməsinin mümkünlüyünü nəzərdən keçirmək niyyətindədir.

Norveçin futbol klublarının rəhbərləri bu texnologiyanı tətbiq etmək imkanlarını müzakirə etmək üçün, bu gün bir araya gələcəklər.

Video-köməkçi hakim (VAR) texnologiyasının tətbiqi, qısa müddət ərzində böyük futbol liqalarında adi hala çevrilib. Avropa matçlarında istifadə edilən yeni texnologiya artıq bəzi mübahisələrə də səbəb olub.

Sadə dillə desək, VAR - stadiondan uzaqda xüsusi təchiz olunmuş bir studiyada oturan bir neçə mütəxəssisin istifadəsini nəzərdə tutur. Bu mütəxəssislər, meydanda baş verən hər hansı bir hadisəni fərqli bucaqlardan izləyərək, hakim qərarlarında şübhə olduqda onunla əlaqə saxlaya bilər. VAR, ofsayd mövqeyi səbəbiylə vurulmuş qolun sayılmaması üçün də tez-tez istifadə edilməklə yanaşı, hakimin son qərarına da etiraz edə bilər. Beləliklə, bu videoköməkçi sistemi, matç zamanı hakimin aşkar səhvlərini effektiv şəkildə müəyyən etməyə imkan verir.

Bütün bunlara baxmayaraq, yeni texnologiya bəzi mübahisələrə də yol açır. Bu səbəbdən, son iki ildə VAR texnologiyalarının istifadə prinsipi bir neçə dəfə dəyişdirilib. Belə ki, mütəxəssislər hələ də qərar vermə ilə oyuna müdaxilə arasında düzgün balansın axtarışındadır.

Mütəxəssislərin hesablamalarına görə, Norveçdə yeni VAR texnologiyaların istifadəsi on milyonlarla Norveç kronuna başa gələcək.

Xəbər 300 dəfə oxundu.