“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi çərçivəsində növbəti tədbir keçirilib
AFFA-nın və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, tədbirdən əvvəl Vətən müharibəsi zamanı erməni faşistləri tərəfindən raket atəşinə məruz qalan ərazidə həlak olmuş dinc sakinlərin xatirələri yad edilib.

Gəncə şəhərinin Kəpəz rayonundakı Qələbə parkında keçirilmiş tədbirdə iştirak edən 100-dək uşağa, o cümlədən şəhid ailələrinin övladlarına futbola marağın artırılması məqsədilə idman geyimləri və futbol topları verilib.

Tədbirdə AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, deputatlar Sabir Hacıyev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Bu layihə Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu il dekabrın 29-da Milli Olimpiya Komitəsində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır.

Qeyd edək ki, indiyədək Füzuli, Tərtər, Bərdə, Oğuz, Xəzər, Cəbrayıl, Ağdaş rayonunun qəsəbə və kəndlərində təşkil edilmiş tədbirlərin respublikamızın digər bölgələrində də həyata keçirilməsi nəzərdə tutulub.

Xəbər 306 dəfə oxundu.