Klublararası Avropa kuboku: “Vüqar Həşimov” komandası İsrail yığmasına məğlub olub
Makedoniyanın Struqa şəhərində kişi şahmatçılar arasında klublararası Avropa kuboku yarışı davam edir.

Sentyabrın 20-də turnirin üçüncü turunun oyunları keçirilib. Bu turda Azərbaycanı təmsil edən “Vüqar Həşimov” klubu İsrailin “Beer Sheva” komandası ilə qarşılaşıb. Şahmatçılarımız İsrail yığmasına 2:4 hesabla məğlub olublar.

Qeyd edək ki, aktivində 4 xal olan komandamız ötən turlarda Moldova və İrlandiya yiğmaları üzərində qələbə qazanıb.

Azərbaycanın digər qrossmeysterləri Şəhriyar Məmmədyarovun mübarizə apardığı Makedoniyanın “Alkaloid” komandası Nicat Abasovun heyətində yer aldığı İspaniyanın “Silla” komandası ilə üz-üzə gəlib. Yarışın favoriti olan Makedoniya yığması İspaniya komandasına 2,5:3,5 hesabla məğlub olub. Qeyd edək ki, Şəhriyar Məmmədyarov ukraynalı Anton Korobov ilə heç-heçə edib, Nicat Abasov isə rusiyalı şahmatçı Daniil Dubov üzərində qələbə qazanıb.

Qeyd edək ki, kişilərin yarışında 38 komanda mübarizə aparır.

Xəbər 364 dəfə oxundu.