Aerobika gimnastlarımız Avropa çempionatında çıxış ediblər
İki illik fasilədən sonra yenidən aerobika gimnastikası üzrə Avropa çempionatı keçirilib. İtaliyanın Pesaro şəhərində təşkil edilmiş yarışda ölkəmizi Vladimir Dolmatov, Nurcan Cabbarlı və Dilarə Qurbanova təmsil ediblər.

Azsport.az Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, dünya çempionatının finalçısı Vladimir Dolmatovu Avropanın ən güclü 8 idmançısı sırasında yer almaqdan cəmi bir addım ayırıb. Belə ki, çempionatın həlledici final mərhələsinə adlamaq üçün təmsilçimizin cəmi 0,200 xalı çatmayıb və o, 9-cu yerdə qərarlaşıb.

Akrobat kimi bir sıra irimiqyaslı yarışların mükafatçısı olan və aerobika gimnastikası üzrə yarışlarda bu ildən etibarən iştirak edən Nurcan Cabbarlı da, təəssüf ki final mərhələsinə vəsiqə qazana bilməyib.

Avropa çempionatında ilk dəfə iştirak edən Dilarə Qurbanova gənc gimnastlar arasında yarışda 28-ci olub.

Xəbər 318 dəfə oxundu.