Azərbaycan millisi sabah Bəhreynlə yoldaşlıq görüşü keçirəcək
Azərbaycan millisi sabah Bəhreynlə yoldaşlıq görüşü keçirəcək. Berti Foqtsun baş məşqçisi olduğu yığma 2 aydan artıq sürən fasilənin ardından iş başında olacaq. Sonuncu dəfə mayın 30-da Almaniyanın Frankfurt şəhərində Andorra ilə qolsuz bərabərliyə qalan millimizin uzun fasilədən sonra keçirəcəyi oyun bir sıra məqamlarla diqqət çəkir.

Əvvəla, əsas yığmamız 20 illik tarixində ilk dəfə İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda oynayacaq. Matç bu il evdə ilk oyunumuz kimi tarixə düşəcək. Belə ki, Foqtsun komandası 2012-də 5 matçının hamısını səfərdə keçirib. Fevralda Dubaydakı təlim-məşq toplanışında Sinqapur (2:2), Hindistan (3:0) və Fələstinlə (0:2) üzləşən millimiz mayın 23-də Yaponiyaya səfərdə 0:2 hesabı ilə uduzdu.

Göründüyü kimi, Andorra ilə matçı da nəzərə alsaq, ardıcıl 3 oyunda qalib gələ bilmirik və bu uğursuzluğa asiyalılarla oyunda son qoymaq imkanı var. Maraqlıdır ki, millimiz evdə sonuncu yoldaşlıq görüşünü də ötən ilin avqustunda keçirib, həmin vaxt da Asiya təmsilçisini qəbul etmişdi. Bu, Küveyt yığması idi ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən həmin matç 1:1 hesablı bərabərliklə nəticələnmişdi.

Respublika stadionu yenidənqurma işləri ilə əlaqədar xeyli vaxtdır bağlıdır və onun açılışını millimiz sentyabrın 7-də İsrail yığması ilə rəsmi oyunla edəcək.

Təbii ki, futbolsevərlərimizin əsas diqqəti həmin matçla başlayacaq növbəti seçmə mərhələyə yönəlib. Onun isə startına 1 aydan da az vaxt qalıb və bu mənada Bəhreynlə matça son sınaq kimi baxmaq olar. Foqtsun növbəti seçmə mərhələyə hazırlıq, komanda qurmaq üçün yetərincə vaxtı və yoldaşlıq görüşləri keçirmək imkanı oldu.

AFFA rəhbərliyi 66 yaşlı almaniyalı mütəxəssislə rəsmi müqaviləsini ötən ilin sonunda növbəti seçmə mərhələnin sonuna kimi uzatmaqla, ona yenə etimad göstərdiyini nümayiş etdirdi. İndi Foqts sabahkı matçda seçmə mərhələnin startı üçün müəyyənləşdirdiyi heyəti meydana buraxıb, millimizin oyun modelini son olaraq sınamalıdır.

Təbii ki, yoldaşlıq görüşləri ilk növbədə futbolçuları sınamaq baxımından vacib olsa da, paralel olaraq nəticə haqda da düşünmək lazımdır. Çünki Asiya təmsilçisini evdə yenə bilməmək futbolçularda seçmə mərhələnin startı ərəfəsində pis təsir edə bilər və rəsmi sınaq öncəsi qalib ruhu olmalıdır.

Azərbaycan – Bəhreyn oyunu ilk olaraq “Dalğa Arena”da keçirilməli idi. Ancaq Bəhreyn Futbol Assosiasiyası etdiyi rəsmi müraciətdə matçın süni yox, təbii örtüklü meydançada keçirilməyini xahiş etdiyindən, AFFA məkanı dəyişdirməli oldu. Əslində, bu, millimizə də xeyirli olacaq. Hər halda, növbəti seçmə mərhələyə kimi Respublika stadionu hazır olacağından, ev oyunlarını “Dalğa Arena”da keçirməli olmayacağıq. Matçın vaxtı da dəyişdirilərək, saat 18:00-a təyin olunmaqla, 3 saat əvvələ çəkildi.

Qeyd edək ki, oyunu gürcüstanlı hakimlər idarə edəcək. Baş hakim Georgi Vadaçkoriyaya yan xətdə Georgi Kruaşvili ilə Levan Varamişvili yardımçı olacaq. Ehtiyat hakim isə həmyerlimiz Fariz Yusifovdur.

Xəbər 1000 dəfə oxundu.