“Qarabağ” hamıdan cəld tərpəndi
Ağdamın “Qarabağ” klubu futbol üzrə Azərbaycan Premyer Liqasında ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək. Bu haqda arenanın direktoru Akif İsmayılov məlumat verib.
Onun sözlərinə görə, rəsmi müqavilə yaxın günlərdə bağlanılacaq. Amma İsmayılov bildirib ki, “Qarabağ” mərkəzi stadiona ilk dəfə 17 yaşadək qızlar arasında dünya çempionatından sonra ayaq basa biləcək. Bu isə o deməkdir ki, baş məşqçi Qurban Qurbanovun komandası baş arenada rəqibini oktyabrın 13-dən sonra qəbul edə biləcək.
Direktor yenidən təmir olunan stadionun açılış mərasiminin yaxın günlərdə baş tutacağını da əlavə edib: “Stadionumuz Gənclər və İdman Nazirliyinin balansındadır. Nazir Azad Rəhimov 2012-ci il London Yay Olimpiya Oyunlarından avqustun 15-də qayıdacaq. Bundan sonra stadionumuzun açılış tarixi müəyyənləşəcək”.
Qeyd edək ki, sentyabrın 22-də startı veriləcək 17 yaşlılar arasında dünya çempionatının 5 oyunu, eləcə də açılış və bağlanış mərasimləri Respublika stadionunda keçiriləcək. Eyni zamanda sentyabrın 7-də Azərbaycan millisinin 2014-cü il dünya çempionatının seçmə qrup matçında İsrail yığmasını da bu arenada qəbul edəcəyi gözlənilir.
Lent.az

Xəbər 864 dəfə oxundu.