Futzal üzrə Yüksək Liqanın 2021-2022-ci il mövsümünün püşkü atılıb
Sentyabrın 16-da futzal üzrə Yüksək Liqanın 2021-2022-ci il mövsümünün püşkü atılıb.

Bakı İdman Sarayında təşkil olunmuş tədbirdə əvvəlcə iştirakçı komandalara və KİV nümayəndələrinə yeni mövsümün reqlamentində edilmiş yeniliklər barədə məlumat verilib.

Səkkiz komandanın iştirakı ilə keçiriləcək yarış 3 dövrədən və pley-off mərhələsindən ibarət olacaq. Belə ki, 21 turun yekununda ilk 4 pilləni tutacaq komandalar pley-off-da oynamaq hüququ qazanacaq. Birinci pillənin sahibi dördüncü, ikinci yeri tutacaq iştirakçı isə 3-cü yerdə qərarlaşmış klubla üz-üzə gələcək. Komandalar iki qələbə qazanana qədər mübarizə aparacaqlar. Qaliblər finalda, məğlublar isə bürünc medal uğrunda oyunda qarşılaşacaqlar.

Yeni mövsümdə 19 yaşadək futzalçılarla bağlı tətbiq ediləcək limit ləğv edilib. Legioner limiti isə 7-yə bərabərdir. Belə ki, bir klub iştirak ərizəsinə, eləcə də oyunun protokoluna maksimum 7 əcnəbinin adını daxil edə biləcək. Oyunlar isə həftənin cümə günləri keçiriləcək.

Daha sonra yeni mövsümün püşkü atılıb. Püşkə əsasən, birinci turda “Alyans” (Lənkəran) – “Baku Fire”, “Record club.az” – “Araz-Naxçıvan”, “Neftçi” – EKOL və U-19 - “Xilə” oyunları keçiriləcək.

Qeyd edək ki, 2021-2022-ci il mövsümünə oktyabrın 1-də start veriləcək.

Xəbər 602 dəfə oxundu.