Azərbaycan təmsilçiləri Məktəblilərin Dünya İdman Oyunlarında uğurla çıxış edirlər
Serbiyanın paytaxtı Belqradda Məktəblilərin Dünya İdman Oyunları davam edir.

Azərbaycan yarışda müxtəlif idman növlərində təmsil olunur.

Karate komandamız artıq 6 medal qazanıb. 14-15 yaşlı yeniyetmələrin yarışında Rəşid Süleymanov (63 kq) qızıl, Ramilə Heydərli (kata, 13 yaş), Orxan Musayev (+70 kq), Pərvin Hüseynzadə (47 kq) gümüş, Cavidan Cəlilzadə (57 kq) və Sunay Kazımova (54 kq) isə bürünc medala sahib olublar. Bundan başqa, Məryəm Qurbanova (+54 kq) yüksək döyüş texnikası və əzmkarlıq nümayiş etdirdiyinə görə xüsusi medalla təltif edilib.

Taekvondoçumuz Zemfira Həsənzadə (41 kq) isə bütün rəqiblərinə qalib gələrək yarışın çempionu olub. Digər taekvondoçularımız Vüqar Aslanov (37 kq) gümüş, Harun Salmanzadə (41 kq) isə bürünc medala layiq görülüblər.

Serbiya paytaxtında cüdoçularımız da 3 medal qazanıblar. Həsən Qurbanlı (34 kq), Əhməd Rüstəmov (46 kq) və Hüseyn Eyvazlı (66 kq) fəxri kürsünün üçüncü pillədinə qalxıblar.

Xəbər 374 dəfə oxundu.