Bədii gimnastlarımız qitə çempionatında 3 medal qazanıblar
Noyabrın 26-dan 29-dək Ukraynanın paytaxtı Kiyevdə bədii gimnastika üzrə Avropa çempionatı keçirilib. Çempionata 23 ölkədən 24 böyük, 57 yeniyetmə gimnast, 6 qrup hərəkətləri komandası qatılıb.

Yarışın ilk günündə yeniyetmələrin mübarizəsində Azərbaycanın 2 gimnastı finala vəsiqə qazanıb. Belə ki, iplə hərəkətlərdə Nərmin Bayramova, topla hərəkətlərdə Alina Gözəlova uğurla çıxış edərək finala yüksəliblər. N.Bayramova 19.150 xal, A.Gözəlova isə 21.200 xalla ilk səkkizlikdə yer alıblar.

Çoxnövçülük üzrə komanda yarışlarında yığmamızın heyətində Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokina mübarizə aparıb. Yüksək nəticəyə imza atan komandamız 34.600 xalla cədvəldə ilk pilləyə yüksəlib.

Avropa çempionatının ikinci günündə Azərbaycan yığmasının heyətində Nərmin Bayramova və Alina Gözəlova təsnifat mərhələsini uğurla başa vurublar. Bu dəfə gürz və lentlə hərəkətlərdə ustalıqlarını nümayiş etdirən yeniyetmə idmançılar finala vəsiqə qazanıblar. Bayramova 20.655 xal, Gözəlova isə 22.000 xal toplayıb.

Axşam seansında çoxnövçülük üzrə qrup hərəkətlərində komanda yarışları baş tutub. Yığmamızın heyətində Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokina 3 halqa və 2 cüt gürz ilə kompozisiya göstəriblər.

Onlar iki kompozisiyanın yekununda hakimlərdən 31.700 xal alıblar. Ümumilikdə 66.300 xal toplayan komandamız yarışın yekununda gümüş medal qazanıb. Qızıl medal İsrailə, bürünc medal isə Ukraynaya qismət olub. Qeyd edək ki, bu medal Azərbaycanın bədii gimnastika tarixində qrupumuzun çoxnövçülükdə qazandığı ilk medaldır.

Daha bir medalı isə yığma üzvlərimiz komanda hesabında qazanıblar. Qrup və yeniyetmə gimnastlarımızın iki gün ərzində topladıqları xalların cəminə əsasən bu proqram üzrə bürünc medal əldə olunub.

Yarışın üçüncü günündə Azərbaycan millisi daha bir medal qazanıb. Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokinanın təmsil olunduğu qrup finalda 3 halqa və 2 cüt gürz ilə kompozisiya göstəriblər. 30.650 xal toplayan yığmamız nəticədə Türkiyə və Ukraynadan sonra 3-cü yeri tutaraq bürünc medala sahib olub. Komandamız 5 topla hərəkətlərdə isə dördüncü pillədə qərarlaşıb.

Turnirin son günündə böyüklər arasında çoxnövçülük üzrə yarışda Azərbaycanı Zöhrə Ağamirova və Arzu Cəlilova təmsil edib. Z.Ağamirova 88.300 yekun xalla 9-cu, A.Cəlilova 87.600 yekun xalla 12-ci olub.

Qeyd edək ki, Avropa çempionatının yekunlarına əsasən, Azərbaycan milli komandası 3 medal qazanıb.

Səkinə NOVRUZQIZI

Xəbər 307 dəfə oxundu.