Formula 1-in 2021-ci il təqvimi 23 mərhələdən ibarət olacaq
2020-ci ilin son təqvimi

Formula 1 yarışının bu il 22 mərhələdə keçirilməsi gözlənilsə də, COVİD-19 pandemiyasının davam etməsi təşkilatçıları planlarını dəyişməyə məcbur etdi. Bir çox yarış ləğv olundu, digərləri başqa vaxtlara təxirə salındı. Nəhayət, bu ilin avqust ayında təqvimin 17 yarışdan ibarət olacağı elan edildi.

Bu günə qədər Formula 1-in 13 yarışı keçirilib. İyul-avqust aylarında Avstriya və Böyük Britaniyanın hərəsində 2, eləcə də Macarıstan, İspaniya və Belçikada, sentyabr-oktyabr aylarında İtaliya, Toskana, Rusiya, Almaniya, Portuqaliya Qran-Pri yarışları uğurla keçirilib. Daha bir mərhələ yekununu noyabrın ilk günündə İtaliyada vurdu.

Noyabrın ortalarında Türkiyə Qran-Prisi keçiriləcək. Yarış 9 illik fasilədən sonra "İstanbul park"da baş tutacaq. Təşkilatçılar yarışın azarkeşlərlə keçirilməsinin mümkün olmadığını bildirib. Bəhreyn Qran-Prisi noyabrın 27-29-na, Sahir Qran-Prisi isə dekabrın 4-6-na təsadüf edəcək. Mövsümə dekabrın 11-13-də Əbu-Dabi yarışı ilə yekun vurulacaq.

Stefano Domenikali gələn il Formula 1-in rəhbəri olacaq

Gələn ildən isə Formula 1 yeni rəhbərlə yoluna davam edəcək. Formula 1-in mətbuat xidməti növbəti ildən quruma rəhbərlik edəcək yeni prezidentin adını açıqlayıb. Belə ki, 2021-ci ildən "Kral yürüşləri"nə "Ferrari"nin sabiq rəhbəri Stefano Domenikali başçılıq edəcək. O, Formula 1-in həm prezidenti, həm də icraçı direktoru funksiyasını daşıyacaq. Qurumun prezidenti Çeyz Keri isə qeyri-rəsmi icraçı kimi işini davam etdirəcək.

2021-ci ilin təqvimində 23 mərhələ yer alıb

S.Domenikali növbəti mövsümün təqviminin hazırlanmasında Formula 1-in sahibləri və rəhbərləri ilə birgə müzakirələrə də qatılıb. Avqustun 27-də o, Jan Todt, Ross Braun, Ceyz Keri ilə 2021-ci il mövsümünün təqvimini müzakirə etmək üçün Portimaoda görüşüb. 6 saat davam edən görüşdə bir sıra məsələlər, o cümlədən elektrik stansiyalarının modernləşdirilməsi, qənaət yolları, büdcə məhdudiyyətləri, yeni qaydalar, eləcə də növbəti mövsüm üçün təqvim müzakirə edilib.

Layihə təqvimində 23 mərhələ yer alıb. Bununla belə, Formula 1 mövsümünün 2020-ci ildə olduğu kimi - qrafikə uyğun olaraq keçirilməsi baş tutmayacağı təqdirdə ehtiyat plan yoxdur.

Növbəti mövsüm üçün təqvim hələ tam hazır deyil, lakin əsas parametrlər göstərilib. 23 mərhələdən ibarət olan təqvimdə ilk yarışın tarixi və yeri məlumdur. Belə ki, ilk yarış martın 21-də Melburnda baş tutacaq. Mövsümöncəsi testlər Barselonada təşkil olunacaq. Avstraliya mərhələsindən bir həftə sonra Bəhreyn Qran-Prisi keçiriləcək. Bəhreyndən sonra mövsüm aprelin 11-də Çindəki yarışla davam edəcək. Şanxaydakı mərhələdən iki həftə sonra Vyetnam Qran-Prisinin keçirilməsi planlaşdırılır. Lakin, bu yarış koronavirus vəziyyətinə görə deyil, yerli hökümət orqanlarının əcnəbilərə sərhədlər açmaq siyasətinə görə sual altındadır.
Mövsümün Avropa hissəsi mayın 9-da Barselonadakı yarışla açılacaq. İki həftədən sonrakı mərhələ qalibini Monakoda, digər iki həftədən sonra - iyunun 6-da Azərbaycanda müəyyən edəcək. Formula 1 iyun ayının ortalarında Monreala gedəcək və sonra Avropaya qayıdacaq.

Avqustun 1-dən sonra başlayan yay tətilindən əvvəl yarışların Fransa, Avstriya, Böyük Britaniya və Macarıstanda keçirilməsi planlaşdırılır. Mövsümə həmişə olduğu kimi Əbu-Dabi yarışı ilə yekun vurulacaq.

ABŞ, Meksika və Braziliya yarışları barədə hələ məlumat verilməyib. Koronovirus pandemiyası səbəbindən bəzi ölkələrdə problem yaranarsa, bu yarışlar 2020-ci ildə olduğu kimi digər yarışlarla əvəz edilə bilər.

Formula 1 pilotlarının maaşlarına məhdudiyyət qoyulacaq ​

Formula 1 funksionerləri görüşərkən tək 2021-ci illə deyil, eləcə də sonrakı illərlə bağlı da müzakirələr aparıblar. Əsasən də maliyyə məsələləri ilə bağlı. Avqustun 27-də keçirilən konfransda Formula 1 dünya çempionatında çıxış edən komandaların rəhbərləri 2023-cü ildən etibarən pilotların maaşlarına məhdudiyyət qoyulmasını qəbul ediblər. Belə ki, sürücülərin məvacibi ildə maksimum 30 milyon ABŞ dolları təşkil edəcək. Bu, yarışın xərclərini azaltmaq və büdcəyə məhdudiyyətlər tətbiq etmək üçün nəzərdə tutulub.

Bu qərar çempionat iştirakçılarının çoxunun gəlirlərinə təsir etməyəcək. Hazırda yalnız iki komandanın pilotları 35 milyon dollardan çox qazanır. "Mercedes" sürücülərə 48, Ferrari isə 40 milyon dollar xərcləyir.

Səkinə Novruzqızı

Xəbər 318 dəfə oxundu.