“Qarabağ" iki-üç cəbhədə mübarizəyə hazır kimi görünür
Milli futbol çempionatının Premyer liqasında birinci kiçik fasilə başa çatıb. İlk baxışda, komandalarda dəyişiklikləri hiss etmək olur. Elita təmsilçiləri toparlanmaq, əyər-əskikləri ləğv etmək üçün çalışıblar. Bununla belə, mövsümün qeyri-sabit keçməsinə siqnalları da almaq olur.

Mövsümə gurultu ilə başlayan "Sumqayıt" ilk dəfə büdrədi. Əlbəttə, bunda komandanın bir sıra oyunçularının milli komandaya cəlb olunmasının rolu ola bilər. Lakin hətta belə vəziyyətdə heyətdə tənzimlənmə aparılması mümkün olmayırsa, bu, zəiflik əlamətidir. Doğrudur, heç şübhəmiz yoxdur ki, bu zəiflik var. Komanda bunu Avropa klub kuboku yarışında əyani nümayiş etdirib. "Sumqayıt"ın mövsümə inamlı başlamasının çox keçmədən dayandırılması daha çox ağlabatan idi. Amma bununla belə rəqibləri ilə münasibətdə bu komandanın şansları daha çoxdur. Komandanın əsas zəif cəhəti heç olmasa, ikiplanlı oyuna hazırlıqlı olmamasıdır. Elə qol buraxılandan sonra nə taktiki gedişlər, nə funksional hazırlıq göründü, komanda öz odunda yandı, öz torunda çabaladı. Azərbaycanda, "Qarabağ" istisna olmaqla, qalan klublar hesabda irəli çıxdıqdan sonra geri çəkilib müdafiədən oynayırlar. Belədə, möhkəm müdafiə redutunu dağıtmaq üçün rəqiblərin doğru dürüst planı və təbii gücü olmur.

Ya kortəbii hücumlar, ya da qeyri-səlis və yaxud "tutar-tutmaz" prinsipi ilə axtarışlar davam edir. Halbuki onsuz da əsas vəzifəsi qol vurub geri çəkilmək olan rəqiblərin məhz məğlub durumu üçün bir düşünülmüş planını görmək məntiqli olardı. Bunun üçün hər bir klub güclü cəhətlərindən istifadə etməli, oyunçuların psixoloji durumundan tutmuş fiziki kondisiyasını, funksional imkanlarını tam bilməlidir. Amma reallıqda belə olmur.

Bu turun sürprizi "Qəbələ"dir. Mövsümün uduzmayan, həm də eyni xalla liderliyi ələ alan iki klubundan biri olan "Qəbələ" bu dəfə "Sabah"a növbəti əsaslı zərbəni vurdu. 2-ci hissədə iki qol vuran komandanın oyun tərzinə digər kollektivlərlə müqayisədə haqq qazandırmaq olar. Çünki mövsümə hazırlıq üçün ən az imkana malik olan kollektiv artıq neçənci ildir ki, meydanda nəinki duruş gətirir, hətta imkanlarından maksimum istifadə etməyi bacarır. Hər dəfə oyun planında heç bir rəqibindən geri qalmayan, yalnız cüzi elementlərə görə xal itirən "Qəbələ"nin bəxti bu dəfə gətirir. Təsəvvür edin ki, autsayderlikdə yer almalı olan kollektiv artıq xalsız qalan iki kollektivi 7 xal qabaqlayır və yaxın iki-üç turda bu tempi davam etdirmək şansı var. Bu isə böyük psixoloji dəstək və sürprizə açılan qapıdır.

Təbii ki, turun əsas qarşılaşması, ümumiyyətlə, mövsümün qədərini həll edənlərdən olan ilk "şah oyun" idi. Əsas heyət üzvləri ağır milli toplanışından qayıdan, hələ qarşıda Avropa Konfrans liqasında prinsipial rəqibi ilə üz-üzə olacaq "Qarabağ" "Neftçi"nin qonağı idi. Söz yox ki, cari mövsümdə bu iki komandanın heyəti müqayisəolunmaz həddə çatıb. Bütün mümkün yarışlarda iflası iflasa calayan "Neftçi" özünü toparlamaq üçün bir şans əldə etmişdi. Lakin Qurban Qurbanov bu dəfə özü rəqibə sürpriz etdi; heç nədən çəkinmədən nəinki bərabər, hətta lider kimi rəqabətə hazır olduğunu əyani nümayiş etdirdi və Avropa arenasına çıxmaq ərəfəsində qüvvəsini əsirgəməyəcəyini göstərdi. Bəlkə də elə bununla "ağ-qaralar"ı şoka saldı. Onsuz da müdafiəsi bərbad vəziyyətdə olan, ələ gəlməyən "Neftçi" yenə öz ampluasında idi və fasiləyə qədər iki qolla canını qurtardı. Lakin iş ondadır ki, ikinci hissədə "Qarabağ" artıq qüvvəsini qorumaq niyyətini göstərməyə macal tapmamış həyəcan təbili yenə çalındı. Hesabdakı fərqin azalmasına baxmayaraq, Ağdam klubu inamla oyunun ipini əlinə aldı. Söz yox ki, "Neftçi"nin şansları az deyildi. Amma elə "Qarabağ" da buna təpərli cavab verirdi. Bir sözlə, çempion ikinci hissədə nisbətən oynamağa başlasa da, bunu daha çox "Qarabağ"ın verdiyi fürsət və total təzyiqə keçməməsi ilə əlaqədləndirmək olar.

Çox maraqlıdır ki, prinsipial vəzifələri yerinə yetirmədikdən sonra heyətinə əl gəzdirən "Neftçi", bundan sonra üçün planlarını necə cızacaq? Hələlik üfüqdə parıltı görünmür. UEFA-nın çempionlara açdığı fürsətdən nəinki yararlana bilməyən heç buna cüzi cəhd də etməyən komandadan ciddi nəsə gözləməyə dəyməz. Lakin rəqiblər də heç bu fürsətdən yaralanmaq istəmirlər. Hətta ilk qələbəsini qazanan "Zirə" belə yenə formal olsa da, yeni simasına qovuşmaq istəmir. Komanda üçüncü turdur ki, fərqli obrazlarda görünür. Bu səbəbdən meydanda bəri başdan azacıq bəlli mənzərə planı cızılır. Hərçənd "Qəbələ"nin simasında göründüyü kimi.
Könül istərdi ki, tezliklə "Sabah"la "Keşlə" də heç olmasa, cüzi təpərə sahib olub mübarizəyə nisbi kəsər qatsınlar. Hər halda millinin oyunu səbəbilə növbəti fasiləyə qədər daha 3 tur oynanılacaq və o vaxta qədər yarış cədvəli bir az da sahmanlanacaq.

BATI YAR

Xəbər 3042 dəfə oxundu.