Yaşar Əlibaba oğlu Babayev
Azərbaycan idman ictimaiyyətinə ağır itki üz verib. Tanınmış idman veteranı Yaşar Babayev 2021-ci il sentyabrın 12-də, ömrünün 81-ci ilində vəfat edib.

Yaşar Əlibaba oğlu Babayev 21 aprel 1941-ci ildə Gəncə şəhərində, dəmiryolçu ailəsində doğulub.

Futbol oynamağa uşaq yaşlarından Gəncənin "Lokomotiv" komandasında başlayıb. 1960-cı ildən Valentin Xlıstovun rəhbərliyi altında peşəkar futbola cəlb edilən Yaşar Babayev iki il Gəncənin “Toxucu" futbol komsndasının şərəfini qoruyub.

Y.Babayev 1963-1971-ci illərdə “Neftçi” futbol komandasının heyətində çıxış edib. 1966-cı ildə Bakı komandasının heyətində SSRİ çempionatının bürünc medalını qazanıb.

SSRİ çempionatlarında 200, kubok yarışlarında isə 19 görüşdə meydana çıxıb.

Futbolçu karyerasını başa vurduqdan sonra məşqçi-müəllim kimi fəaliyyət göstərən Yaşar Babayev uzun müddət Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında futbol mütəxəssislərinin hazırlanması üçün yorulmadan çalışıb.

Yaşar Babayevin əziz xatirəsi onu tanıyanların və idman ictomaiyyətinin qəlbində daim yaşayacaq.

Allah rəhmət eləsin!

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi

Xəbər 558 dəfə oxundu.