Azərbaycan Premyer Liqası: “Səbail” öz meydanında “Sumqayıt”ı məğlub edib
Sentyabrın 12-də futbol üzrə Azərbaycan Premyer Liqasında III turun növbəti oyunu keçirilib.

Turun üçüncü görüşündə “Səbail” və “Sumqayıt” komandaları üz-üzə gəlib.

“ASCO Arena”da baş tutan görüş meydan sahiblərinin minimal hesabla qələbəsi ilə başa çatıb - 1:0.

Oyunda yeganə qolun müəllifi 64-cü dəqiqədə Cabir Əmirli olub.

Bu qələbə sayəsində xal ehtiyatını 6-a çatdıran “Səbail” turnir cədvəlində ikinci pilləyə yüksəlib. Eyni xala malik “Sumqayıt” üçüncü pillədə qərarlaşıb.

Komandalar indiyədək ölkə çempionatında 14 dəfə üz-üzə gəliblər. Bu qarşılaşmaların 5-də meydan sahibləri, 7-də isə qonaqlar qələbə qazanıblar. İki görüş heç-heçə yekunlaşıb. Topların fərqi də qonaqların xeyrinədir - 15:12.

Qeyd edək ki, turun sonuncu və mərkəzi qarşılaşması "Bakcell Arena"da baş tutacaq. Son çempion "Neftçi" ötən mövsümün gümüş mükafatçısı "Qarabağ"ı qəbul edəcək. Rəşad Əhmədovun idarə edəcəyi qarşılaşma bu gün saat 20:30-da başlayacaq. Bu oyun komandalar arasında Premyer Liqada 84-cü derbi kimi tarixə düşəcək. Əvvəlki 83 qarşılaşmada "köhlən atlar"ın aşkar üstünlüyü var. Qurban Qurbanovun baş məşqçi olduğu komanda 30 oyunda qələbə qazanıbsa, "ağ-qaralar" 23 görüşdə rəqibini məğlub edib. Otuz oyunda isə qalib müəyyənləşməyib. Qonaqların vurduğu 92 qola meydan sahibləri 76 qolla cavab veriblər. “Neftçi” son 6 oyunda yalnız 1 dəfə uduzub. “Qarabağ” rəqib meydanındakı son 4 matçdan üçündə xal qazanıb.

Qeyd edək ki, ötən gün keçirilən matçlarda "Qəbələ" "Sabah"a, "Zirə" isə "Keşlə"yə qalib gəlib.

Xəbər 403 dəfə oxundu.