Rusiyanın Kazan şəhərində MDB ölkələri Bədən Tərbiyəsi və İdman Şurasının iclası keçirilib
Rusiyanın Kazan şəhərində MDB-nin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlıq müqaviləsi iştirakçılarının Bədən tərbiyəsi və idman şurasının iclası keçirilib. İclasa Rusiya gənclər və idman nazirinin müavini Aleksey Morozov sədrlik edib.

Toplantıda hazırda davam edən MDB ölkələrinin I Oyunlarına bütün ölkələrin qatıla bilməməsindən təəssüf ifadə olunub. Bildirilib ki, Türkmənistan epidemioloji vəziyyətlə əlaqədar son anda Oyunlardan kənarda qalıb.

Eyni zamanda indiyədək MDB Oyunlarında koronavirusa yoluxma halının qeydə alınmadığı, amma ötən gün bəzi idmançıların zədələndikləri diqqətə çatdırılıb.

Gələn həftə məktəblilər, dekabrda isə ailələr arasında festivalın təşkil olunacağı qeyd olunub. Həmin tədbirlərdə Azərbaycan iştirak etməyəcək.

İclasda ölkəmizi Azərbaycanı Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Namiq Novruzov təmsil ediblər.

Tədbirdə çıxış edən Namiq Novruzov hazırda Azərbaycanda koronavirusla bağlı müəyyən məhdudiyyətlərin götürüldüyünü və tədbirlərin təşkilatçılığı ilə bağlı öhdəlikləri yerinə yetirməyə hazır olduqlarını bildirib. O, yeni nazir Fərid Qayıbovun fəaliyyətə başlamasından sonra MDB daxilində əməkdaşlıqla bağlı konkret məlumatlar verə biləcəklərini söyləyib.

N.Novruzov Azərbaycanda idmanın inkişafına və idman infrastrukturlarının yaradılmasına böyük diqqətin yetirildiyi, ölkədə böyük idman yarışlarının təşkil edildiyini diqqətə çatdırıb. O, II MDB Oyunlarını da təşkil etməyə hazır olduqlarını vurğulayıb.

Toplantıda Belarus nümayəndəsi də növbəti Oyunlar üçün namizədliyini irəli sürüb.

Təşkilatçı ölkənin MDB İcraiyyə Komitəsinin dekabrda keçiriləcək iclasında seçiləcəyi, yarış proqramının yaxın vaxtlarda müəyyənləşəcəyi və növbəti Oyunların 2023-cü ildə təşkil olunacağı diqqətə çatdırılıb.

Digər iştirakçı ölkələrin nümayəndələri də MDB Oyunlarının üstünlüklərindən danışaraq, öz təkliflərini irəli sürüblər.

Daha sonra MDB-nin idman paytaxtının seçilməsi və 2022-ci ildən atletika üzrə Sağlamlıq Marafonunun keçirilməsinə dair qərarlar qəbul olunub. Növbəti Oyunları təşkil edəcək ölkəni MDB İcraiyyə Komitəsi seçəcək.

Xəbər 460 dəfə oxundu.