Tokio Yay Olimpiya və Paralimpiya oyunları zamanı komandaların üzvlərindən 863 nəfər koronavirusa yoluxub
Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarının təşkilatçıları yarışlar zamanı idmançılar və digər iştirakçılar arasında koronavirusa yoluxanların ümumi sayının 863 nəfər olduğunu bəyan ediblər.

Bu barədə Tokio Olimpiya və Paralimpiya Oyunlarının təşkilat komitəsi sentyabrın 8-də məlumat yayıb. Bildirilib ki, onlardan 547 nəfəri Olimpiya Oyunlarına, 316 nəfəri isə Paralimpiya Oyunlarına hazırlıq və yarışlar dövründə virusa yoluxublar.

Təşkilat komitəsi bu barədə məlumatı iyulun 1-dən - Oyunlarla bağlı təlimatın həyata keçirilməsinə başlandığı vaxtdan yaymağa başlayıb.

Hesabata əsasən, koronavirusa yoluxanların 41-i idmançı, 50-si kütləvi informasiya vasitələri ilə əlaqəli şəxslər və 29-u rəsmi nümayəndədir.

Yoluxanlar arasında əcnəbilər təqribən 30 faiz və ya 254 nəfər təşkil edir. Onlardan 53-ü Atletlər kəndində qalıb.

Bununla yanaşı, yarışlara qatılmaq üçün Yaponiyaya gələnlər arasında 54 nəfərdə koronavirus aşkar edilib. Onların ümumi sayı Oyunlarda iştirak etmək üçün ölkəyə gələnlərin cəmi 0,1 faizini təşkil edib.

Bildirilir ki, hesabatda yapon podratçılar və könüllülər də nəzərə alınıb. Onlardan bir neçəsi könüllü olaraq test veriblər və virusa yoluxduqları barədə komitəni məlumatlandırıblar.

Avqustun 6-da Oyunlar başa çatdıqdan sonra “Tokio-2020”nin təşkilat komitəsinin sədri Haşimoto Seyko jurnalistlərə bildirib ki, Oyunlar zamanı antivirus tədbirlərində tam uğur əldə edilib. Belə ki, Oyunlar zamanı virusa yoluxanlar maksimum sürətlə aşkarlanaraq, yarışların təhlükəsiz keçməsi təmin olunub.

Xəbər 757 dəfə oxundu.