Hətta nağıllar reallıqla bitir: üç alma yerə düşür
Azərbaycanın futbol millisi seçmə mərhələdə, nəhayət, ilk xalını qazandı. Bu hadisənin sentyabrdakı üç görüşdən birincisində - Lüksemburqda qazanılacağını daha çox gözləyənlər nəinki yanıldılar, hətta son illərin ən təzadlı və qəribə start heyəti ilə ən xaotik məğlubiyyətinə şahidlik etdilər. Bunun tam əksinə olaraq, İrlandiyada normal heyətlə ilk hissədəki bəxt ulduzu parlayan bir komandanın ikinci hissədə yenə heyət natarazlığı ilə daha bir təzadlı oyunla ilk xal əldə edildi.

Baş məşqçinin Lüksemburqdakı start heyəti ilə bağlı məntiqə sığmayan izahatı və İrlandiyadakı oyunla bağlı əvəzetmələrinin yekunu olaraq faktiki 10 nəfərlə oynamasına (epizodlardan birində Əhmədzadənin zədələnməsi) da don geyindirə bilməməsi, onun hələ də heyətlə yanaşı, oyun quruculuğunda da optimal qərarlar verə bilməməsini göstərir.

Söz yox ki, təcrübəli məşqçinin oyun baxışları və qərarlarını müzakirə etmək istəməzdim. Lakin bu nəticəyə birbaşa təsir göstərirsə, mütləq düşündürməlidir. Lüksemburqdakı matçla bağlı bir söz deməyin də mənası yoxdur. Əgər dalbadal 3 oyunda eyni heyətlə oynamağın qeyri-mümkünlüyünü düşünürdüsə, İrlandiya ilə matça Ramil Şeydayevin, Rəhim Sadıqovun əsas heyətdə çıxması daha məntiqli ola bilərdi. Baş verənlər isə onun rəqibləri düzgün qiymətləndirə bilməməsinin nəticəsidir.

İrlandiya millisini oyunçuların çıxış etdiyi klublarla, fiziki hazırlığı ilə deyil, real oyun səviyyəsi ilə görmək lazımdır. Azərbaycan millisi ilə qarşılaşmaya qədər irlandların da xalsız qalması təsadüf adlandırıla bilməz.

Portuqaliyada son anlara qədər komandanın qələbəyə yaxın olması isə daha çox portuqalların xidməti hesab olunmalıdır.

Hər necə oldusa, milli komandanın hələ də formalaşmadığını söyləmək olar. Baş məşqçinin isə necə komanda yaratmaq istədiyi də bəlli deyil. Belə getsə, o da Azərbaycana gələrək, ailə büdcəsini normallaşdıran növbəti məşqçi kimi tarixə düşməyə iddialıdır.

Əlbəttə, onun hələ də ən azı iki qələbə də qazanıb, mübarizəni major notla başa vurmaq imkanı və vaxtından əvvəl ölkəni tərk etməmək şansı var. Amma bütün bunlar Azərbaycan futboluna yenə heç nə verməyəcəksə, daha bir nağıl da burada bitəcək.

Ümumən, Azərbaycan milli komandalarına xərclənən vəsait AFFA büdcəsinin aşağı-yuxarı yarısına bərabərdirsə və illərdir bu komandaya münasibətin özündə belə dəyişiklik yoxdursa, düşünməyə dəyər. Komanda quruculuğunda yol verilən qüsurlardan çox danışmaq da nağıl nəqlindən başqa bir şey deyil. Üzü Torresdən bu yana, ələlxüsus Foqtsvari nağılların sonunda göydən üç almanın düşməməsi təbii və ya qanuni olduğu qədər də ədalətlidir.

Milliləşdirmənin bu dəfə futbolçu yaşının qürub çağına qədəm qoymuş Ozobiçsayağı davamı da düşündürücüdür. Milliləşdirmə və milliyə çəkilən xərclər əvəzinə daha faydalı işlə məşğul olmaq üçün Danimarka nümunəsinə bir nəzər salmaq, "Qırmızı sap"dan ibrət götermək olar. Dünya futbolunda belə nümunələr istənilən qədərdir. Sadəcə, bu təcrübəni öyrənmək və ən əsası tətbiq etmək həvəsi olsun.

Ümumən isə real milli proqramı həyata keçirməyincə futbol uğurlarından bəhs etmək mümkün olmayacaq. Üstəlik, artıq AFFA-nın bu inkişafa nail olmaq üçün hər bir əsası və lazım gəlsə, ilkin maddi baza qurmağa da ehtiyacı yoxdur. Böyük əksər regionlarda olimpiya kompleksləri nəzdində universal iş qurmaq üçün şərait var. Bu, həm də həmin komplekslərin inkişafına və milli idman mərkəzi statusunun möhkəmlənməsinə də xüsusi təkan verə bilər. Əlbəttə, bunun üçün kadrlar da lazımdır. Emrelinin uğurları fonunda Azərbaycan uşaq futbolu məktəbinin qüsurlarının da üzə çıxması, bax, məhz bu dərslərə yol açır. Əslində, bunu illərdir deyir-yazırıq: ölkəmizdə uşaq futbolu primitiv məşqçi-müəllim yanaşması ilə çox da uzağa getmir. Bu səbəbdən AFFA-nın milli komandaya ayırdığı vəsaitin bir qismini uşaq futboluna xərclənən, ya xərclənməyən məbləğlərin üzərinə gəlsə, indi daha effektli nəticə əldə etmək olar. Tanış-bilişə bölmədən, uşaq futbolunda effektli nəticə göstərən məşqçilərin ölkə xaricində effektli təcrübə keçməsi, mütəxəssislərin müddətli olaraq dəvət edilməsi, xüsusi proqramlarıın seminarlar yolu ilə aşılanması bu işin başlanğıcı ola bilər. Amma bu işlərin hamısı yalnız və yalnız uşaq futbolunun normal inkişaf proqramı işlənmədən və burada təhsil, kütləvilik, istedadların diqqətə alınması, psixoloji məqamlar nəzər alınmadan mümkün olmayacaq. Bundan da vacib bir proqramın təsirli olması mütləq şəkildə işlək mexanizmləri və müddətlərin göstərilməsi olmadan həyata keçirilsə, həm sözdə qalacaq, həm də yolvermə, gözə kül üfürmə kampaniyasından başqa bir şey olmayacaq.

Hətta nağılların ədaləti belə reallığı əks etdirir: göydən gəlsə də, üç alma mütləq şəkildə yerə düşür. Artıq silkələnmək və real işə keçmək zamanıdır.

BATI YAR

Xəbər 438 dəfə oxundu.