Avrokuboklar: Yalnız “Qarabağ"la
Milli futbol çempionatında uzun həsrətə son qoyaraq çempionluğun ağlı günlərini Avrokubokların təsnifat yarışlarının qaralı günlərinə dəyişən "Neftçi"dən fərqli olaraq, "Qarabağ" ölkəmizi dalbadal 8-ci dəfə əsas mərhələlərdən birincisində təmsil edəcək.

"Neftçi"dən heç söz açmağa dəyməz, komanda sanki tarixində ilk dəfə zirvəyə çıxırmış kimi, şadlığına şitlik edib, heyətinə düz-əməlli əl gəzdirmək fikrindən də uzaq olmaqla, Azərbaycan futboluna ən ağır zərbələrdən birini qəfil vurdu. Nə qədər qəribə olsa da, sükançısının açıqdan-açığa transfer hayqırtısının nadan idarəetmə xəlitəsinə işarə olmasına rəğmən klub heç nə olmamış kimi, adının kölgəsinə qısılıb yoluna davam edir. Halbuki "xalqın komandası", "bayraqdar", "flaqman" kimi anlayışlara yaxınlığını belə unutmuş bir nəsil formalaşdıran, tarixinin yadlaşmış ünsürünə çevrilən, ənənələrini yadırğamış klub üçün artıq düşünməyə də vaxt qalmayıb. Bilirsiniz niyə? UEFA-nın Konfrans liqası kimi bir yarış formatı təsis etməsi "Neftçi" kimi cılız çempionlar üçün də tarixi şans yaradıb. Bir balaca təpəri olan milli futbol mövsümünün qalibi qrup turnirinə çıxmaqla əldə edəcəyi milyonlarla avro vəsait hesabına inkişaf planı cızmaq fürsəti qazanır. Amma hər pislikdə də yaxşı bir şey axtarmağa dəyər. Müvəqqəti planlama qura bilməyən "Neftçi" kimi çempionun elə yarı yolda qalması yaxşıdır. Çünki bununla milli futbol növbəti ağır zərbədən qurtulmuş oldu. Bu klubun da "Sumqayıt" və "Keşlə"dən də betər rüsvayçılığı futbolumuza onsuz da ən azı reytinq zərbəsi vurub və indi "Qarabağ" təkbaşına bu üçünün əvəzinə xallar toplamalıdır.

"Qarabağ" bu dəfə qitənin üçüncü dərəcəli klub yarışı formatında qrupa düşməklə tarixi fürsəti layiqincə dəyərləndirə bilər. Ötən illərdə Ağdam klubu daim transferlərdə alayarımçıqlığı ilə tənqid atəşinə tutulurdu. Ya səhvlərdən nəticə çıxarılıb, ya da komanda, axır ki, futbolun əsl iqtisadi-təsərrüfat anlayışını mənimsəyərək sistemli və planlı addımlar atmağa başlayıb. Hətta budəfəki transferlərdə Almeyda kimi geri dönüşləri məqbul saymaq olar. Çünki yeni heyətin formalaşmasında bu qayıdışın özünəməxsus birləşdirici yeri olacaq. İndi "Qarabağ" irəli növbəti addımlarını atmalıdır. Komandanın hələ dəfələrlə qeyd edəcəyimiz növbəti vəzifəsi yerli markalı kadr ehtiyatına diqqət yetirməsi olacaq. Vaxtilə öz məktəbinə diqqət ayıran komanda sonra bu sahəni unutsa da, deyəsən, artıq təpərin elə buradan başladığını anlayıb.

Mahir Emrelinin yolunu açmaqla kollektiv nəinki ən doğru addımı atıb, hətta irəliləmək fürsəti əldə edib. Daha çox tənqid atəşi altında olan Emreli indi canını nəinki bu tənqidlərdən qurtarıb, hələ Azərbaycan futbolunda yeni ənənələr üçün də meydan qoyub. Bunun üçün onun uğurlarına ehtiyac var.

Qayıdaq, "Qarabağ"a. UEFA-nın yaratdığı yeni yarış Azərbaycan təmsilçisi üçün tarixdə ilk dəfə yeni ilin ilk aylarında da futbol görmək fürsəti verib. Digər qruplara nəzər salsaq, rəqiblər dişə çəkiləndir və bu fürsətdən faydalanmasa, "Qarabağ"ın da mövsümünü uğurlu saymaq olmaz. Əlbəttə, dişə çəkilən deyəndə, təmsilçimizin favorit olduğunu söyləmirik. Mübarizə meydanında əvvəl ağıllı, sonra təhlükəli olmaq lazımdır. Çünki "Qarabağ" hər üç rəqibi üçün prinsipial əhəmiyyət kəsb edəcək. Onların qrupdan çıxmasının əsas yolu məhz "Qarabağ"dan keçəcək. "Aberdin"lə görüşdə tətbiq edilmiş və tarixi dərsliklərdə yer almağa layiq olan taktiki planlamanı inkişaf etdirmək, rəqibləri öyrənməklə, onları üslub diktəsi altına salaraq lazım olan nəticələrə doğru irəliləmək çox vacibdir. Üstəlik, ötənilki mövsümdən fərqli olaraq, "Qarabağ" bu dəfə milli mövsümdə də şanslıdır. "Neftçi" özü diz çökməyə hazır olduğunu, elə ilk turların göstərdiyi kimi, autsayder imiclilərlə çətinliklə mübarizə aparacaq səviyyədədir. Bu arada qismən favoritizmə meylli ikinci heyəti də formalaşdıra bilsə və qalaqurmalarını ağıllı etsə, "Qarabağ" tarixnin yeni inkişaf mərhələsinin ilk səhifəsini açmağa yaxındır.

BATI YAR

Xəbər 504 dəfə oxundu.